SÜLHMƏRAMLILARA AİD DAHA YEDDİ TƏMİNAT MAŞINI LAÇIN YOLUNDAN KEÇİB 

Azərbaycanın qeyri-hökumət təşkilatlarının (QHT) nümayəndələrinin Qarabağda Rusiya sülhməramlılarının müvəqqəti məsuliyyəti zonasında keçirilən etiraz aksiyası 24-cü gündür ki, davam edir.

Trend-in Şuşaya ezam olunmuş əməkdaşı xəbər verir ki, Şuşa-Xankəndi yolundan növbəti dəfə sülhməramlılara aid 7 təminat maşını Xankəndidən Laçın istiqamətinə maneəsiz keçib.

Qeyd edək ki, bundan öncə də səhər saatlarında Beynəlxalq Qızıl Xaç Komitəsinə (BQXK) məxsus 3 avtomobilin keçməsinə şərait yaradılıb.

Xatırladaq ki, Azərbaycanın Qarabağ iqtisadi rayonunda faydalı qazıntı yataqlarının qanunsuz istismarı əleyhinə Şuşadan keçən Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 24 gündür davam edir. Şuşa ərazisində Rusiya sülhməramlılarının nəzarətində olan yolun bir hissəsində etiraz aksiyası azərbaycanlı aktivistlər və ekologiya üzrə qeyri-hökumət təşkilatlarının (QHT) üzvləri tərəfindən Qarabağ iqtisadi rayonunda ekoloji terrora son qoyulması tələbi ilə keçirilir.