XİN: AZƏRBAYCAN MİNATƏMİZLƏMƏ ƏMƏLİYYATLARINA BEYNƏLXALQ YARDIMLA BAĞLI BMT İLƏ DİALOQ APARIB

Minalardan əziyyət çəkən ölkə kimi Azərbaycanda müharibədən sonra mina qurbanı olan şəxslərin sayı 276 nəfərə çatıb, onlar arasında 46 nəfər həlak olub.

Bu barədə Xarici İşlər Nazirliyinin 2022-ci ilin yekunlarına dair hesabatında bildirilib.

Qeyd olunub ki, ölkəmiz üzləşdiyi mina probleminin aradan qaldırılması istiqamətində il ərzində beynəlxalq səviyyədə məlumatlandırma işini davam etdirib.

Həmçinin vurğulanıb ki, mina probleminə görə Ermənistanın daşıdığı hüquqi və siyasi məsuliyyətin işıqlandırılması və humanitar minatəmizləmə əməliyyatlarına beynəlxalq yardımın cəlb edilməsi prioritet vəzifələr kimi qarşıya qoyulub. Azərbaycan tərəfinin “Piyadalar əleyhinə minaların istifadəsi, ehtiyata yığılmasının, istehsalının və daşınmasının qadağan edilməsi və onların məhv edilməsi üzrə Konvensiya” daxil olmaqla müvafiq beynəlxalq formatlarda diplomatik fəallıq göstərdiyi, il ərzində BMT, Avropa İttifaqı, NATO daxil olmaqla, bir sıra beynəlxalq təşkilatlarla və ölkələrlə bu istiqamətdə dialoq aparılıb.

Xarici İşlər Nazirliyinin 2022-ci ilin yekunlarına dair hesabatının mətnini bu keçiddən əldə etmək mümkündür.