ÜST RƏHBƏRİ ÇİNDƏ COVID-19-A YOLUXMA HALLARININ ARTMASINDAN NARAHATDIR

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) rəhbəri Çində yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxma hallarının artmasından narahatdır.

“Interfax” agentliyi xəbər verir ki, ÜST-nin Baş direktoru Tedros Adhanom Qebreyesus Çində yayılan genişmiqyaslı koronavirus dalğasından narahat olduğunu bildirib və ölkə hakimiyyətini əhalinin həssas təbəqələrinin peyvəndlənməsini sürətləndirməyə çağırıb.

2020-ci ildən Çində “Sıfır COVID” strategiyası həyata keçirilir: virusun yayılmasını məhdudlaşdırmaq üçün yoluxmuş insanlarla təmasda olanlar üçün məcburi karantin tətbiq edilir. Lakin bu il dekabrın əvvəlində Çin hakimiyyəti virusun yayılmasının qarşısını almaq üçün bir sıra məhdudiyyətləri ləğv edib.