AZƏRBAYCAN GÜLƏŞÇİSİ ABŞ-DA BÜRÜNC MEDAL QAZANIB

Azərbaycanın sərbəst güləşçisi Osman Nurmaqomedov ABŞ-ın Ayova ştatının Koralvill şəhərində keçirilən dünya kuboku yarışında bürünc medala sahib olub.

Dünya yığmasının heyətində yer alan O.Nurmaqomedov (92 kq) B qrupunda yaponiyalı Satoşi Miuraya tam üstünlüklə qalib gəlib – 10:0. Təmsilçimiz iranlı Əmirhüseyn Bığlar Firuzpurbandpeyi isə (10:10) sonuncu xal prinsipinə əsasən məğlub edib. Yaponiyaya (9:1) qalib gəlib, İrana (4:6) uduzan dünya yığması B qrupunda ikinci yeri tutub və bürünc medal uğrunda Gürcüstanla qarşılaşıb. Dünya yığmasının 8:2 hesablı qələbəsində O.Nurmaqomedovun da payı olub. Belə ki, güləşçimiz Miriani Maysuradzeni 3:0 hesabı ilə üstələyib. Beləliklə, yığmamızın üzvü dünya kubokunda üçüncü olub.

Qadınların yarışında isə Jalə Əliyeva (57 kq) bəxtsizliklə üzləşib. Dünya yığmasının heyətində yer alan həmyerlimiz çinli Yonqxin Fenqlə görüşdə hesabda 6:3 öndə olarkən sağ ayağından ciddi zədə aldığı üçün yarışdan erkən çəkilmək məcburiyyətində qalıb.

Qeyd edək ki, sərbəst güləşdə ABŞ, qadın güləşində isə Ukrayna dünya kubokuna sahib olub.