
Azərbaycanın zəngin qaz resursları bu gün bir çox ölkələrin enerji təhlükəsizliyinin təmin edilməsində öz rolunu oynayır və bizim rolumuz getdikcə artacaq.
Bunu Prezident İlham Əliyev noyabrın 23-də Prezident İlham Əliyev Serbiya Respublikasının Prezidenti Aleksandar Vuçiçlə mətbuata bəyanatla çıxışı zamanı deyib.
Dövlət başçısı bildirib:
“Biz nəticə etibarilə görəndə ki, bütün bu səylər, o cümlədən aparılan danışıqlar səmərə vermir, güc amilindən istifadə etdik. Beynəlxalq hüquq bu imkanı bizə verirdi, BMT-nin Nizamnaməsi bu imkanı bizə verirdi, özünümüdafiə etmə haqqı bütün dövlətlərə şamil edilməlidir, o cümlədən Azərbaycana. Biz güc yolu ilə öz ərazi bütövlüyümüzü bərpa etdik, ədaləti bərpa etdik və artıq iki ildir ki, Azərbaycan xalqı azad edilmiş torpaqlarda qurub-yaradır, binaları bərpa edir, bütün o böyük ərazini – 10 min kvadratkilometrdən böyük olan ərazini yenidən qurur.
Biz, əlbəttə ki, bu və digər məsələləri ölkələrimizin maraqlarının prizmasından təhlil edirik və bu gün ikitərəfli formatda bir çox beynəlxalq məsələlərə də toxunduq. Eyni zamanda, regional təhlükəsizlik məsələlərini müzakirə etdik. Mənim dostum Aleksandar dediyi kimi, energetika sahəsindəki əməkdaşlığı müzakirə etdik və bu gün bu müzakirələr davam edəcək. Təbii qaz, elektrik enerjisi sahələrində əməkdaşlıq üçün yeni imkanlar var. Azərbaycanın zəngin qaz resursları bu gün bir çox ölkələrin enerji təhlükəsizliyinin təmin edilməsində öz rolunu oynayır və bizim rolumuz getdikcə artacaq. Əlbəttə ki, ilk növbədə, biz dost olan ölkələrlə bu sahədə və bütün başqa sahələrdə əməkdaşlığı dərinləşdirmək fikrindəyik. O cümlədən hərbi-texniki sahədə əməkdaşlıq aparılır və bu əməkdaşlığın daha da dərinləşməsi, daha geniş vüsət alması istiqamətində əlavə addımlar atılacaqdır”.
