AZƏRBAYCAN VƏTƏNDAŞLARI APRELİN 1-DƏN TÜRKİYƏYƏ BİOMETRİK ŞƏXSİYYƏT VƏSİQƏSİ İLƏ SƏYAHƏT EDƏ BİLƏCƏKLƏR

2020-ci il dekabrın 10-da Bakı şəhərində imzalanmış “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında qarşılıqlı olaraq vizadan azad etmə haqqında 2020-ci il fevralın 25-də imzalanmış Sazişə dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında 1 saylı Protokol”un qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurlar hər iki tərəfdən yerinə yetirilib və protokol 2021-ci il aprelin 1-də qüvvəyə minir.
Beləliklə, qeyd olunan tarixdən etibarən Azərbaycan Respublikasının vətəndaşları diplomatik, xidməti və ümumvətəndaş pasportları, eləcə də Azərbaycan Respublikası vətəndaşının biometrik şəxsiyyət vəsiqəsi əsasında Türkiyə Respublikasına vizadan azad şəkildə səyahət etmək imkanına malik olacaqlar.
Yuxarıda sadalanan etibarlı sərhədkeçmə sənədlərinə malik olan Azərbaycan Respublikasının vətəndaşları Türkiyə Respublikasının ərazisinə daxil olmaq, tranzit keçmək və burada qalmaq üçün doxsan (90) gün müddətinə viza tələbindən azad edilirlər.
Türkiyə Respublikasının ərazisindən üçüncü ölkələrə və üçüncü ölkələrdən Türkiyə Respublikasının ərazisinə daxil olmaq üçün Azərbaycan Respublikasının vətəndaşları tərəfindən pasportlardan istifadə olunması məcburidir.
Bu mənada, Azərbaycan Respublikası vətəndaşının biometrik şəxsiyyət vəsiqəsi yalnız Azərbaycan Respublikasının ərazisindən Türkiyə Respublikasına birbaşa səyahətlər üçün istifadə ediləcəkdir. Həmçinin Azərbaycan Respublikası vətəndaşının biometrik şəxsiyyət vəsiqəsi, eləcə də yuxarıda qeyd olunan digər sərhədkeçmə sənədləri Türkiyə Respublikasının ərazisinə giriş tarixindən etibarən ən az otuz (30) gün etibarlılıq müddətinə malik olmalıdır.
Eyni zamanda, Türkiyə Respublikasının ərazisində hər hansı səbəbdən doxsan (90) gündən artıq müddətdə qalmaq istəyən Azərbaycan Respublikasının vətəndaşları yaşamaq icazəsi almaq üçün tələb olunan müddətdən azı altmış (60) gün daha çox etibarlı olan pasport ilə müraciət etməlidirlər.