Moldovanın nüfuzlu “Prime” telekanalı “Şuşa həyata qayıdır” sərlövhəli xüsusi reportaj hazırlayıb.
Telekanalın jurnalisti Yelena Derjanskaya və operator Ruslan Şolkan Şuşaya gedərək gördüklərini lentə alıblar. Reportajda vurğulanır ki, Şuşa şəhəri Qarabağ bölgəsinin ürəyidir. Bu şəhər dəniz səviyyəsindən təxminən 1300 metr yüksəklikdə yerləşir.
“Çəkilişlər səhər yenidən qurulan şəhərin heyrətamiz mənzərəsini təqdim edən hotelimizin eyvanından başlayır. Şuşanın tarixində kifayət qədər qara səhifələr olub. Şəhər üçün ən faciəli dövr 1992-ci ildə başlayan Birinci Qarabağ müharibəsi olub.
Şuşa yavaş-yavaş həyata qayıdır. O sakitdir, ancaq arabir tikintidə çalışan işçilərin səs-küyü eşidilir. Bunlar şəhəri bərpa edən işçilərdir, onlar 2023-cü ilin sonuna kimi Şuşanı demək olar ki, tamamilə bərpa etməyi planlaşdırırlar. Artıq burada məktəblər, uşaq bağçaları, xəstəxanalar tikilir, memarlıq abidələri bərpa olunur”,-deyə reportajda qeyd edilir.
Moldovalı jurnalist reportajında, həmçinin Şuşadan olan İsmayıl İsmayılovdan müsahibə də alıb.
“Birinci Qarabağ müharibəsində şəhərdə böyük dağıntılar olduğu üçün gecəni zirzəmilərdə keçirirdik, buna görə də təhsilimizi davam etdirə bilmədik. Səhər insanlar zirzəmilərdən çıxıb dağılmış evlərini müşahidə edirdilər. Şuşanın işğalı zamanı erməni silahlıları tərəfindən çoxlu sayda dinc əhali öldürüldü”, deyə İsmayıl İsmayılov söyləyib.
Jurnalist Yelena Derjanskaya qeyd edir ki, 2021-ci ilin əvvəlində Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə Şuşa ölkənin mədəniyyət paytaxtı elan edilib və bu il isə “Şuşa İli”dir. Demək olar ki, hər ay burada müxtəlif mədəni tədbirlər keçirilir.
Reportajda bərpa olunan və yenidən tikilən ərazilər haqqında da geniş məlumat verilir.