İran İsrailin Azərbaycan və Bəhreynlə əlaqələrinin möhkəmlənməsi əleyhinə çıxır, qonşu ölkələrə təhdidlər yolu ilə İsrailin diplomatik uğurlarına qarşı çıxmağa çalışır.
Bu barədə İsrailin “Jerusalem Post” qəzetində dərc olunan və İran mətbuatında İsrailin Qafqazdakı rolu ilə bağlı Tehranın narahatlığından bəhs edən materialların yer aldığı məqalədə deyilir.
Belə ki, “Fars News”a istinad edən müəlliflər Azərbaycanı tənqid edən və İranın İsrailin öz sərhədləri yaxınlığında mövcudluğuna dözüm göstərməyəcəyi barədə bəyanatı nümunə gətirirlər.
“İran İslam Respublikası sionist rejimin milli təhlükəsizliyə qarşı yönəlmiş mövcudluğu və fəaliyyətinə dözməyəcək və bununla bağlı hər cür lazımi tədbir görəcək”, – “Fars News” yazır.
Qeyd olunur ki, İran Azərbaycanın Türkiyə və İsraillə sıx əlaqələrinə cavab olaraq Azərbaycanı “heç bir xarici dövlətin onun siyasətinə təsir göstərməsinə imkan verməməyə” çağırır.
“Azərbaycan uzun illərdir ki, İsrailyönlü hərəkatlara və hətta sionizmin regionda birbaşa mövcudluğuna sponsorluq edir. Bu ölkə unudub ki, regionda baş verən ciddi və tarixi böhranlar zamanı onun ərazi bütövlüyünü dəstəkləyən məhz İran olub və regiondankənar güclərə bu regionda strateji nizamı pozmağa imkan verməyib”, – İran KİV-indəki nəşrlərdə deyilir.
Öz növbəsində “Tasnim” nəşri Bəhreyndəki müxalifət fəallarından sitat gətirir.
“Təsadüfi deyil ki, İran regionda qorxu yaratmaq üçün hipersəs raketlər kimi yeni silahlardan danışır. Tehran bildirib ki, yeni raketləri tezliklə hava hücumundan müdafiə sistemlərindən yayına biləcək. İslam Respublikası əvvəllər də İsraili yüksək dəqiqlikli silahlarla təhdid etməyə çalışıb”, – “Jerusalem Post” yazır.
Qeyd olunur ki, bununla da İran regionu təhdid etməklə ismarıc yollayır.