Serbiyanın geniş oxucu kütləsinə malik gündəlik “Danas” qəzetində Azərbaycanın Vətən müharibəsində qazandığı şanlı Qələbənin ikinci ildönümü və Zəfər Günü ilə əlaqədar məqalə dərc olunub.
Yazıda 2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhəboyu törətdiyi genişmiqyaslı təxribatlara cavab olaraq Azərbaycan Ordusunun əks-hücum əməliyyatına başladığı, 44 günlük Vətən müharibəsi nəticəsində 30 ilə yaxın müddətdə erməni işğalında olan torpaqların azad edildiyi bildirilir.
Qeyd olunur ki, 44 günlük hərbi əməliyyatlar nəticəsində Azərbaycan ümumilikdə 300-dən çox yaşayış məntəqəsini, o cümlədən mühüm strateji yüksəklikləri azad edib. 2020-ci il noyabrın 8-də isə Qarabağın tacı, Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhəri işğaldan azad olunub. Prezident İlham Əliyevin Sərəncamına əsasən hər il noyabrın 8-i Azərbaycanda Zəfər Günü kimi təntənəli şəkildə qeyd edilir.