
Misirin “əl-An” xəbər portalı, İraqın Mədəniyyət, Turizm və Abidələr Nazirliyinin mətbu orqanı “Uruk nyus”, İraqda 1869-cu ildən nəşr olunan və Jurnalist Həmkarlar İttifaqının rəsmi gündəlik “əz-Zaura” qəzeti və başqa kütləvi informasiya vasitələri Milli Azərbaycan Tarixi Muzeyinin Azərbaycan tarixinin elmi tədqiqi və təqdimi şöbəsinin müdiri dosent Nərgiz Əliyevanın ərəb dilində çapdan çıxmış “Azərbaycanda İslam mədəniyyəti (VII-XII əsrlər)” kitabı barədə yazıblar.
Bu barədə muzeydən məlumat verilib.
Məqalələrdə qeyd edilib ki, ərəbdilli oxucuların diqqətinə təqdim olunan kitabda Azərbaycanda İslam mədəniyyətinin yayılması, azərbaycanlıların İslam mədəniyyətinə verdiyi töhfələr, Xilafətin mədəniyyət mərkəzləri ilə elmi-mədəni əlaqələri, Azərbaycanda müsəlman monumental tikililəri və s. haqqında ətraflı məlumat verilib.
Məqalələrdə, həmçinin müəllifin Azərbaycan-ərəb mədəni əlaqələri, Azərbaycan tarixinin orta əsrlər dövrü ilə bağlı çoxlu sanballı əsərlərinin olduğu da qeyd edilib.