Yaponiya mətbuatı Avropa İttifaqının Mərkəzi Asiya ölkələrinin enerji mənbələrini Azərbaycan üzərindən almaq niyyətindən yazıb.
NHK telekanalı Avropa Şurasının Prezidenti Şarl Mişelin Qazaxıstanın paytaxtı Astana şəhərində Mərkəzi Asiyanın beş dövlətinin liderləri ilə enerji mənbələri ilə təminat barədə apardığı danışıqlara həsr olunan xüsusi süjet yayımlayıb. Süjetdə qeyd edilir ki, Rusiyanın Ukraynaya hücumu nəticəsində Avropanın enerji mənbələri ilə təchizatında yaranan problemi həll etmək üçün Avropa Şurasının Prezidenti Şarl Mişel Astanada beş ölkənin liderləri ilə yüksək səviyyəli müzakirələr aparıb.
Telekanal Şarl Mişelin sözlərini sitat gətirərək bildirir: “Bugünkü görüş iki region arasında sadəcə adi siyasi dialoqdan daha böyük əhəmiyyətə malikdir. Bu artan əməkdaşlığımızın güclü rəmzi və Avropa İttifaqının bu regiona sadiqliyinin güclü siqnalıdır”.
Süjetdə qeyd edilir ki, Rusiyaya qarşı Qərbin tətbiq etdiyi sanksiyalar Avropa liderlərini yeni enerji mənbələri axtarmağa məcbur edib. Bu məqsədlə Qazaxıstanda keçirilən görüşdə əməkdaşlıq barədə razılıq əldə edilib.
Qazaxıstan Prezidenti Qasım Comərt Tokayev deyib: “Biz də əldə edilmiş razılaşmaya müvafiq olaraq, strateji tərəfdaşlığı möhkəmləndirmək barədə niyyətimizi təsdiq edirik”.
Bildirilir ki, Mərkəzi Asiya ölkələri yerli hasilatı artırmaq üçün Avropanın investisiya mənbələrindən faydalanmağı nəzərdə tuturlar. Lakin Mərkəzi Asiyadan gələn nəqliyyat marşrutlarının əksəriyyəti Rusiya ərazisindən keçir. Bu problemi aradan qaldırmaq üçün onlar Azərbaycandan keçən nəqliyyat dəhlizini daha əlverişli variant kimi qəbul edirlər.