BAKIDA İKİNCİ YERÜSTÜ STANSİYADA İŞLƏR BAŞA ÇATDIRILIB

Bakı metropoliteninin Xocahəsən stansiyası və Xocahəsən elektrik deposunda tikinti-quraşdırma işləri tam başa çatıb.

Trend-in məlumatına görə, bunu Bakı Metropoliteni Qapalı Səhmdar Cəmiyyətinin İdarə heyətinin sədr müavini Hidayət Məmmədov bu gün metronun 55 illiyi ilə bağlı sərgidən sonra jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, hazırda stansiyada sınaq işləri aparılır.

“Stansiyanın ilin sonuna kimi istifadəyə verilməsi gündəmdədir. Artıq stansiya və elektrik deposunda işlər yekunlaşıb. Hazırda stansiyada sınaq-sazlama işləri aparılır, qatarların hərəkətinin təşkili son mərhələdədir. İşlər tam başa çatdırılandan sonra stansiya sərnişinlərin istifadəsinə veriləcək”, – deyə o əlavə edib.