Sərgi yüksək səviyyədə təşkil olunub. Bildiyiniz kimi, bizim Türkiyə Silahlı Qüvvələri ilə çox sıx əməkdaşlığımız var. Xüsusilə qeyd etmək istəyirəm ki, son illərdə Türkiyə silah istehsalı sahəsində çox böyük irəliləyiş əldə edib. Bu, bizi sevindirir və türk qardaşlarımıza bu işlərdə uğurlar arzulayırıq.
Bu fikirləri İstanbulda keçirilən “Saha Expo” Müdafiə və Aerokosmik sərgisində iştirak edən Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Azərbaycan mediasına açıqlamasında bildirib.
General-polkovnik Zakir Həsənov qeyd edib ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin tapşırığına əsasən, Azərbaycan Ordusunun Türkiyə Silahlı Qüvvələrinin modelinə uyğun olaraq qurulması istiqamətində böyük işlər görülür. Ordumuzun təşkilati-ştat strukturunda dəyişikliklər edilib, əsasən idarəetmə sistemi dəyişdirilib. Tətbiq edilən yeniliklər çox uğurlu alınıb və bu, son döyüşlərdə də özünü göstərdi. Yeni Komando hərbi hissələrinin yaradılması istiqamətində işlər görülür. Artıq bir neçə Komando hərbi hissəsi yaradılıb. Son bir neçə döyüş toqquşmasında onlar öz imkanlarını nümayiş etdirdilər və qarşıya qoyulan vəzifələri uğurla yerinə yetirdilər. Təbii ki, ordu quruculuğu məsələlərində silah-texnika təchizatı, yəni, ordunun ən müasir silahla təmin olunması əsas vəzifədir. Qarşıda duran digər vəzifələr də uğurla həyata keçirilir”.
Nazir deyib: “Sərgiyə baxış keçirdik. Buradakı Azərbaycan Ordusu bir sıra hərbi texnika ilə maraqlanır, bir çoxu ilə bağlı artıq müqavilə də var. İş gedir, ən müasir raketlər istehsal olunur. Baxırıq, bizim ordumuzda da tətbiq oluna biləcək silahlar ətrafında müzakirələr aparırıq. Bu sahədə görülən işlərimiz çoxdur, əməkdaşlığımız uğurla inkişaf edir”.