Biz həmişə Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın qayğısı ilə əhatələnmişik.
Bunu İtaliyanın Sardiniya adasında keçirilən şahmat üzrə gənclər arasında dünya çempionatının qalibi Gövhər Beydullayeva Birinci vitse-prezident Mehriban Əliyevanın təbriki barədə danışarkən deyib.
Qeyd edək ki, Birinci vitse-prezident Mehriban Əliyeva rəsmi instaqram səhifəsində İtaliyanın Sardiniya adasında keçirilən şahmat üzrə gənclər arasında dünya çempionatında qızıl medallar qazanan Gövhər Beydullayeva və Abdulla Qədimbəylini təbrik edib.
“Birinci vitse-prezident Mehriban Əliyeva həmişə olduğu kimi bu dəfə də bizi diqqətdə saxladı. Mehriban Əliyeva həmişə bizə qayğı göstərib. Biz həmişə Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın qayğısı ilə əhatələnmişik. Onların idmana qayğısı hər zaman yüksək olub. Mehriban Əliyevanın təbrikinə görə ona minnətdaram”, – deyə o bildirib.
G.Beydullayeva deyib ki, hər il dünya çempionatlarında iştirak etsə də, çempion ola bilməyib.
“Azərbaycanın ilk qadın dünya çempionu olmaq çox qürurvericidir. Ümid edirəm ki, budan sonrakı dünya çempionatlarında qadın şahmatçılarımız daha da güclənəcək və qadın dünya çempionlarımız sayı artacaq. Yalnız keçən il şahmat üzrə dünya çempionatı onlayn keçirilərkən dünya çempionu olmuşdum. Amma bu onlayn yarış idi. Bu dəfə isə klassik şahmat üzrə dünya çempionu oldum. Əvvəldən özümə güvənirdim və çalışırdım ki, çempion olum. Ona görədə bu mənim üçün gözlənilməz olmadı”, – deyə o əlavə edib.
Dünya çempionumuz 9-cu turda erməni şahmatçı üzərində qələbəsindən də danışıb.
“Erməni şahmatçının məğlub edəndə möhtəşəm hisslər yaşadım. Erməni şahmatçıya qalib gələcəyimə böyük inamım var idi. Bu inamla da qalib gəldim. Ermənini məğlub edəndən sonra çempionluğa bir az da inamım artdı. Hiss etdim ki, dünya çempionluğuna bir az da yaxınlaşdım”-G.Beydullayeva deyib.