Qırğızıstanda yaşayan Azərbaycan icması Xocavənd rayonunun Edilli kəndində aşkar olunmuş kütləvi məzarlıqlarla bağlı beynəlxalq ictimaiyyətə müraciət edib.
Diasporla İş üzrə Dövlət Komitəsindən bildirilib ki, “Azeri” İctimai Birliyinin adından beynəlxalq təşkilatlara ünvanlanan müraciətdə soydaşlarımızın Edilli cinayətindən hiddətləndikləri bildirilib.
Edillidə aşkar olunmuş qalıqların Birinci Qarabağ müharibəsi dövründə itkin düşmüş azərbaycanlılara məxsus olduğuna, Ermənistanın indiyədək 4000-dək azərbaycanlının taleyi və kütləvi dəfn yerləri barədə məlumatları təqdim etməkdən boyun qaçırdığına, 30 illik işğal dövründə xalqımıza və ölkəmizə qarşı törətdiyi müharibə cinayətlərini dünya ictimaiyyətindən gizlətməyə çalışdığına diqqət cəlb olunub.
Edilli faciəsi ilə Ermənistanın növbəti müharibə cinayətinin ifşa olunduğunu vurğulayan icma nümayəndələri beynəlxalq təşkilatları Ermənistanın müxtəlif vaxtlarda etnik zəmində törətdiyi sülh və insanlıq əleyhinə cinayətlərə görə cavabdeh şəxslərin hüquqi müstəvidə məsuliyyətə cəlb olunması istiqamətində təcili tədbirlər görməyə çağırıb.