Oktyabrın 2-dən 7-dək İordaniya Haşimilər Krallığının “əl-Ənbat” və “əl-Ğad” rəsmi qəzetlərinin jurnalistləri Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə səfər ediblər.
İordaniyalı jurnalistlər Nemət əl-Xura, Ayman əl-Fariz və fotoqraf Məhəmməd Fəysəl səfər zamanı həmin qəzetlərdə, eləcə də ərəb dünyasında geniş oxucu auditoriyasına malik olan “Nbnjo” qəzetində və “Johinanews.com” saytında Xocavəndin Edilli kəndində aşkarlanmış kütləvi məzar, İkinci Qarabağ müharibəsində Ermənistan silahlı qüvvələrinin Gəncə şəhərinə raket zərbələri və fəsadları, həmçinin Zəngilan, Füzuli, Ağdam və Şuşa şəhərlərində quruculuq işlərinə dair ölkəmizin rəsmi şəxslərinin açıqlamalarına və təqdim etdikləri statistik məlumatlara istinadən silsilə məqalələrlə çıxış ediblər.
Jurnalistlərin, həmçinin Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzində işğaldan azad edilmiş torpaqlarımızda yenidənqurma prosesi, minatəmizləmə əməliyyatları, ABŞ Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin Ermənistana səfərinin regionda dayanıqlı sülhə mənfi təsiri, eləcə də ölkəmizin İslam Əməkdaşlıq Təşkilatı ilə əlaqələri və Avropa İttifaqı ilə enerji sahəsində əməkdaşlığı mövzularında aparılan müzakirələr barədə məqalələri dərc olunub.