NATALYA QAVRİLİTSA: AZƏRBAYCANI GÜCLÜ VƏ ETİBARLI TƏRƏFDAŞ QİSMİNDƏ GÖRƏN TƏKCƏ MOLDOVA DEYİL

Moldova Azərbaycanla ticarət əlaqələrini dərinləşdirmək niyyətindədir.

Bunu Moldovanın baş naziri Natalya Qavrilitsa Bakıda biznes nümayəndələri ilə görüşü zamanı deyib.

“Biz Cənubi Qafqazın başlıca ölkələri, xüsusilə, Azərbaycanla ticarət və investisiya əlaqələrimizi dərinləşdirməyi hədəfləyirik”, – deyə o bildirib.

Baş nazirin sözlərinə görə, Azərbaycanı güclü və etibarlı tərəfdaş qismində görən təkcə Moldova deyil.

“Bu fikri Brüssel də, Aİ-nin digər dövlətləri də bölüşür. Biz zəruri sistem dəyişikliklərinin təmin olunması üçün dövlət və özəl sektorlar arasında rəqəmsal körpülər yaradırıq. Biz ölkəmizdə azərbaycanlı investorları qəbul etməyə hazırıq”, – baş nazir deyib.

N.Qavrilitsa qeyd edib ki, Aİ Ukraynadakı vəziyyətin iqtisadi fəsadlarını yumşaltmağa çalışdığı üçün Azərbaycan bu prosesdə etibarlı tərəfdaş ola bilər.