DOHADA “BAYRAQ PLAZA” MEYDANINDA AZƏRBAYCAN ÜÇÜN AYRILMIŞ STENDDƏ ÖLKƏMİZ HAQQINDA MƏLUMATLAR YERLƏŞDİRİLİB

Dohada “Bayraq Plaza”nın açılış mərasimi keçirilib.
Tədbirdə dövlət rəsmiləri, Qətərdə akkreditə olunan ölkələrin diplomatik nümayəndəliklərin rəhbərləri, eyni zamanda Azərbaycan səfiri Rəşad İsmayılov iştirak edib.
Açılış mərasimində Qətər Silahlı Qüvvələrinin orkestri çıxış edib, daha sonra bu ölkədə akkreditə olunmuş 119 ölkənin, o cümlədən də Azərbaycanın dövlət bayrağı qaldırılıb.
“Bayraq Plaza” meydanında Azərbaycan üçün ayrılmış stenddə ölkəmiz haqqında qısa məlumatlar – üçrəngli bayraq, ölkə əhalisi, ərazisi, rəsmi dili və Qarabağ atları haqqında məlumat yerləşdirilib.
Həmçinin “Bayraq Plaza” meydanı ərazisində quraşdırılmış böyük monitorlarda oktyabrın 7-də Azərbaycanın mədəniyyəti, musiqisi, adət-ənənələri, turizm məkanları və təbiəti haqqında videoçarx nümayiş etdiriləcək.