Prezident İlham Əliyev Azərbaycan Respublikasının İtaliya Respublikasındakı Səfirliyinin tabeliyində Mədəniyyət Mərkəzinin yaradılması haqqında Sərəncam imzalayıb.
Sərəncamla Azərbaycan Respublikasının daxili və xarici siyasəti, mədəniyyəti, tarixi, sosial-iqtisadi inkişafı, elmi-texniki və turizm potensialı barədə təbliğat işinin genişləndirilməsi məqsədilə qərara alınır:
– Azərbaycan Respublikasının İtaliya Respublikasındakı Səfirliyinin tabeliyində Mədəniyyət Mərkəzi yaradılsın.
– Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamın 1-ci hissəsi ilə yaradılan Mədəniyyət Mərkəzinin fəaliyyətinin təmin edilməsi ilə bağlı zəruri tədbirlər həyata keçirsin.