TÜRKİYƏ VƏ RUSİYA PREZİDENTLƏRİ ARASINDA TELEFON DANIŞIĞI OLUB

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı olub.

Bu barədə Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsi məlumat yayıb.

Bildirilib ki, Prezident Ərdoğan rusiyalı həmkarına keçmiş Sovet İttifaqının prezidenti Mixail Qorbaçovun vəfatı ilə bağlı başsağlığı verib.

Danışıq zamanı Türkiyə-Rusiya münasibətləri ilə yanaşı regional məsələlər, xüsusilə taxıl məhsullarının Ukraynadan ixracı və Zaporojye Atom Elektrik Stansiyasındakı (AES) son vəziyyət müzakirə edilib.

Türkiyə Prezidenti ölkəsinin taxıl müqaviləsində olduğu kimi, Zaporojye AES ilə bağlı məsələnin həllində də vasitəçi rolu oynaya biləcəklərini ifadə edib.

Akkuyu Atom Elektrik Stansiyası barədə də müzakirələrin aparıldığı danışıq zamanı hər iki lider stansiyanın planlaşdırıldığı kimi davam etdirilməsi nöqtəsində qərarlı olduqlarını bildiriblər.

Prezidentlər sentyabrın 15 və 16-da Şanxay Əməkdaşlıq Təşkilatının Zirvə Toplantısı ilə bağlı Səmərqənddə keçirəcəkləri görüşdə gündəmlərində olan digər, eləcə də bu məsələləri ətraflı müzakirə etmək barədə razılığa gəliblər.