“KAZİNFORM”: QAZAXISTAN VƏ AZƏRBAYCANI TƏKCƏ İQTİSADİ MARAQLAR DEYİL, HƏM DƏ ZƏNGİN MƏDƏNİ VƏ TARİXİ ƏLAQƏLƏR BİRLƏŞDİRİR

Qazaxıstan və Azərbaycanı təkcə iqtisadi maraqlar deyil, həm də ortaq türk köklərinə əsaslanan zəngin mədəni və tarixi əlaqələr birləşdirir.

Bu barədə “Kazinform” informasiya agentliyinin iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyinə həsr olunmuş materialında deyilir.

Qeyd olunur ki, 2022-ci il Qazaxıstan və Azərbaycan arasında 1992-ci il avqustun 27-də qurulan diplomatik münasibətlər üçün əlamətdar ildir.

Münasibətlərin səviyyəsini müəyyən edən əsas məqamlara 2005-ci ildə Bakıda imzalanmış və iki ölkə arasında dostluq və müttəfiqlik münasibətlərinin dərin köklərini qeyd edən ilk strateji sənəd olan Strateji tərəfdaşlıq və müttəfiqlik münasibətləri haqqında Müqavilə aid etmək olar.

“Hər iki postsovet ölkəsi bir-birinin suverenliyini və ərazi bütövlüyünü təkcə sözdə deyil, həm də konkret əməllərdə açıq şəkildə dəstəkləyir. Çoxvektorlu və balanslaşdırılmış xarici siyasət müasir çağırışlara, o cümlədən son aylarda dünyada müşahidə olunan geosiyasi çalxalanmaya dayanıqlılıq nümayiş etdirir”, – materialda deyilir

Vurğulanır ki, bu gün Qazaxıstan və Azərbaycan arasında müxtəlif xarakterli 90-a yaxın sənəd, o cümlədən dövlətlərarası müqavilələr, hökumətlərarası sazişlərdən ibarət geniş müqavilə-hüquq bazası mövcuddur.

“Ölkələrimiz arasında ikitərəfli münasibətlərin əsasını təkcə siyasi deyil, həm də iqtisadi əlaqələr təşkil edir. Bu gün Azərbaycan Qazaxıstanın Cənubi Qafqazda əsas ticarət-iqtisadi tərəfdaşıdır”, – materialda deyilir.

Belə ki, Qazaxıstan Milli Bankının məlumatına görə, 2005-2020-ci illərdə Azərbaycandan cəlb olunmuş investisiyaların həcmi 306,5 milyon dollar təşkil edib. 2018-2019-cu illərdə Azərbaycan 12,7 milyon dollar (müvafiq olaraq 5,1 milyon dollar və 7,6 milyon dollar) sərmayə qoyub. Həmin dövrdə Qazaxıstan Azərbaycana 75,7 milyon dollar investisiya yerləşdirib. Onun böyük hissəsi son üç ilin payına düşür – 45,4 milyon dollar (2018-ci ildə – 3,7 milyon dollar, 2019-cu ildə – 12,9 milyon dollar, 2020-ci ildə – 28,8 milyon dollar).

Qazaxıstandan Azərbaycana əsas ixrac malları xüsusi təyinatlı üzən qurğular, dəmiryol lokomotivləri, neft məhsulları, buğda, un qənnadı məmulatları, Qazaxıstanın Azərbaycandan idxalı isə propilen və etilen polimerləri, tekstil qablaşdırma vasitələri, məftillər, kabellər, alma, armud, heyva və s. olub.

Materialda vurğulanır ki, Çindən Avropaya ixrac yük axınlarının Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutuna (TBNM) yönləndirilməsi ilə əlaqədar tranzit-nəqliyyat əməkdaşlığının genişləndirilməsində müəyyən irəliləyişlər var.

Qazaxıstan Sənaye və İnfrastruktur İnkişafı Nazirliyinin nümayəndəsi Zeynolla Axmetjanovun inbusiness.kz saytına müsahibəsində bildirib ki, respublika hökuməti artıq mövcud imkanların genişləndirilməsinə yönəlmiş bir sıra infrastruktur layihələrinin həyata keçirilməsinə başlayıb.

“Artıq Çinlə sərhəddən Mərkəzi Qazaxıstana qədər uzunluğu 840 km olan ikinci yolun, Almatıdan yan keçən yeni dəmir yolu xəttinin, Aktau limanında konteyner qovşağının yaradılması və bərə keçidinin tikintisi üzrə işlərə başlanılıb. Yeri gəlmişkən, Qazaxıstanın hələ öz bərələri yoxdur və buna görə də biz onları müvəqqəti olaraq Azərbaycan tərəfindən icarəyə götürürük”, – deyə Z.Axmetjanov bildirib.

Onun sözlərinə görə, bütün gələcək yollar yaxın üç il ərzində tikilməlidir, bərələrə gəldikdə isə, ilk dörd yol 2026-cı ilə qədər, qalan altısı 2030-cu ilə qədər hazır olmalıdır.

Bundan əlavə, “Kazinform”un materialında qeyd edildiyi kimi, bu yaxınlarda Azərbaycan, Türkiyə, Qazaxıstan xarici işlər nazirlərinin və nəqliyyat sektorunun məsul şəxslərinin üçtərəfli görüşü keçirilib.

“Görüşdə tərəflər Asiya-Avropa marşrutu üzrə ticarət əlaqələrinin inkişafı və nəqliyyat marşrutlarının şaxələndirilməsi üçün Azərbaycan-Türkiyə-Qazaxıstan dəhlizinin hissəsində yükdaşımaların həcminin artırılmasının vacibliyini vurğulayıblar. Beləliklə, tranzit və bu dəhliz çərçivəsində nəqliyyat və logistika əməkdaşlığı qarşılıqlı faydalı tərəfdaşlığım əsas hərəkətverici amillərindən biri olaraq qalır”, – məqalədə deyilir.

Qeyd olunur ki, 2022-ci ilin ilk iki ayında Qazaxıstanla Azərbaycan arasında daşımaların həcmi 2021-ci ilin eyni dövrü ilə müqayisədə 149 faiz artıb.

“Hər iki ölkə bu gün Qazaxıstanın Aktau və Kurık dəniz limanları (buraxılış gücü – 26 milyon ton) ilə 15 milyon ton quru yük və 100 min konteyner daşıma qabiliyyətinə malik Ələt limanı arasında sıx əməkdaşlığa maraq göstərir”, – materialda vurğulanır.

Agentlik vurğulayır ki, məlum olduğu kimi, Azərbaycan enerji ehtiyatlarının Asiyadan Avropaya nəqlində körpü rolunu oynayır.

“Bu gün “KazMunayQaz” və Azərbaycanın dövlət neft şirkəti SOCAR arasında Qazaxıstan neftinin əhəmiyyətli hissəsinin Bakı-Tbilisi-Ceyhan marşrutu ilə nəqlinə dair danışıqlar aparılır. Yekun nəticə ildə 1,5 milyon barel Qazaxıstan neftinin dünya bazarına çıxarılmasını nəzərdə tutur”, – materialda deyilir.

Öz növbəsində Qazaxıstan Prezidenti yanında Qazaxıstan Strateji Araşdırmalar İnstitutunun əməkdaşı Yerkin Tukumov Qazaxıstan-Azərbaycan ekspert şurasının ilk iclasında bildirib ki, Qazaxıstanla Azərbaycan arasında əlaqələrin bütün potensialı hələ reallaşdırılmayıb.

“Qazaxıstan və Azərbaycanı təkcə iqtisadi maraqlar deyil, həm də ortaq türk köklərinə əsaslanan zəngin mədəni və tarixi əlaqələr birləşdirir. Hər iki ölkə üçün bu, xarici və daxili siyasətin mühüm elementidir və etnik-mədəni qohumluğu və mənəvi yaxınlığı vurğulamağa imkan verir”, – məqalədə vurğulanır.

Beləliklə, materialda bildirildiyi kimi, Qazaxıstan prezidenti Kasım-Jomart Tokayevin Azərbaycana səfəri çərçivəsində, şübhəsiz ki, strateji tərəfdaşlığın inkişafı və regiondakı dəyişən reallıqlar fonunda hərtərəfli əməkdaşlığın genişləndirilməsi diqqət mərkəzində olacaq.