Mobil operatorların xidmət keyfiyyəti ilə bağlı ictimaiyyətin fikrini öyrənmək məqsədilə Media Təhlil Mərkəzi tərəfindən 22-25 fevral tarixləri arasında növbəti sorğu keçirilib. Sorğuda iştirak edən 776 respondentin 43,6%-ni qadınlar, 56,4%-ni kişilər təşkil edib.
Sorğuya əsasən, respondentlərin 55%-i karantin dövründə Azərbaycan mobil rabitə operatorlarının zəng mərkəzlərinin iş keyfiyyətindən razı, 24,5%-i isə narazıdır.
Sorğu iştirakçıların 20,5%-i həmin müddətdə sözügedən xidmətlərə müraciət etmədiyini qeyd edib.
Sorğuda iştirak edən kişilərin 29%-i, qadınların isə 19%-i karantin müddətində mobil operatorların zəng mərkəzlərinin xidmət səviyyəsindən narazı qalıblar.
“Hansı mobil operatorun iş keyfiyyətindən razısınız?” sualına respondentlərin 51,3%-i “Azercell”, 25%-i “Nar Mobile”, 23,7%-i isə “Bakcell” cavabını verib.
“Mobil operatorların SMS xidmətlərindən istifadə edirsinizmi?” sualına gəlincə, cavablandıranların 17,8%-i bu xidmətlərdən ümumiyyətlə istifadə etmədiyini, 73,8%-i nadir hallarda, 8,4%-i isə tez-tez istifadə etdiyini vurğulayıb. Sorğuda iştirak edən kişilərin 23%-i, qadınların isə 12%-i mobil operatorların SMS xidmətlərindən istifadə etmir.