Prezident İlham Əliyev zərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanunu imzalayıb.
İnzibati Xətalar Məcəlləsinə aşağıdakı məzmunda 162-1-ci maddə əlavə edilib:
İnsan orqan və toxumalarının donorluğu və transplantasiyası haqqında qanunvericiliyin pozulması
162-1.1. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahıya daxil olmayan tibb müəssisələri və digər şəxslər tərəfindən donor orqanların hazırlanması, saxlanması, daşınması, idxalı və ixracına görə –
vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər yeddi min manatdan on min manatadək məbləğdə cərimə edilir.
162-1.2. Orqan donorluğu və transplantasiya zamanı meyit donorun qohumlarına münasibətdə resipiyentin, resipiyentə və onun qohumlarına münasibətdə meyit donorun anonimliyinin qorunmamasına görə –
vəzifəli şəxslər beş yüz manat məbləğində, hüquqi şəxslər min manat məbləğində cərimə edilir.
162-1.3. Canlı donordan transplantasiya məqsədilə donor orqanların götürülməsi zamanı “İnsan orqan və toxumalarının donorluğu və transplantasiyası haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş tələblərə əməl olunmamasına görə –
vəzifəli şəxslər iki min manat məbləğində, hüquqi şəxslər beş min manat məbləğində cərimə edilir.
162-1.4. Canlı donor tərəfindən özünün zərərli vərdişləri və ona məlum olan xəstəlikləri barədə məlumat verilməməsinə görə –
beş yüz manatadək məbləğdə cərimə edilir.
162-1.5. Şəxsin ölümdən sonra orqanlarının transplantasiya məqsədilə götürülməsinə razılıq və ya orqanlarının götürülməsindən imtina barədə iradə ifadəsinin olmasına dair məlumatların yayılmasına görə –
vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər dörd min manat məbləğində cərimə edilir.