PREZİDENT İLHAM ƏLİYEV “KONSTİTUSİYA MƏHKƏMƏSİ HAQQINDA” QANUNA EDİLƏN DƏYİŞİKLİYİ TƏSDİQLƏYİB

Prezident İlham Əliyev “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Qanunu imzalayıb.

Sənədə əsasən, “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikasının Qanununda aşağıdakı dəyişikliklər edilir:

– 71.1-ci maddədə “Azərbaycan Respublikası Milli Məclisi deputatının aldığı məbləğdə” sözləri “aylıq vəzifə maaşının 50 faizi məbləğində” sözləri ilə əvəz edilsin;

– 71.2-ci maddə aşağıdakı redaksiyada verilsin:

“71.2. Konstitusiya Məhkəməsi sədrinin aylıq vəzifə maaşı 3550 manatdır.”;

– 72.2-ci və 73.6-cı maddələr ləğv edilsin;

– 73.9-cu maddədən “, 73.6-cı” sözləri çıxarılsın.

Bu Qanun 2022-ci il sentyabrın 1-dən qüvvəyə minir.

***

Dövlət başçısı, həmçinin, “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2022-ci il 29 iyun tarixli 567-VIQD nömrəli Qanununun tətbiqi və “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 12 fevral tarixli 29 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Fərman imzalayıb.

Fərmanla “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2022-ci il 29 iyun tarixli 567-VIQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədilə qərara alınır:

– “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 12 fevral tarixli 29 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, № 2, maddə 67; 2013, № 12, maddə 1513) aşağıdakı dəyişikliklər edilsin:

– 2-ci hissənin dördüncü abzasında “və 73.6-cı maddələrində” sözləri “maddəsində” sözü ilə əvəz edilsin;

– 4-cü hissə ləğv edilsin.

– Azərbaycan Respublikasının Nazirlər Kabineti “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2022-ci il 29 iyun tarixli 567-VIQD nömrəli Qanunundan irəli gələn məsələləri həll etsin.

– Azərbaycan Respublikasının Maliyyə Nazirliyi “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2022-ci il 29 iyun tarixli 567-VIQD nömrəli Qanununun icrası ilə əlaqədar yaranan əlavə xərclərin maliyyələşdirilməsini Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsində bu məqsəd üçün nəzərdə tutulmuş vəsait, eləcə də Konstitusiya Məhkəməsinin saxlanılması xərclərində büdcə xərclərinin iqtisadi təsnifatının “Əməkhaqqı” köməkçi bölməsi dairəsində xərc paraqrafları arasında dəyişikliklər etməklə həyata keçirsin.

– Bu Fərmanın 1.2-ci bəndi 2022-ci il iyulun 1-dən tətbiq edilir və 1.1-ci bəndi 2022-ci il sentyabrın 1-dən qüvvəyə minir.