İyulun 27-də yerli vaxtla səhər saat 8:43-də Filippinin Luson adasında yerləşən Abra əyalətində 7,3 bal gücündə zəlzələ baş verib.
Bu barədə Filippin Vulkanologiya və Seysmologiya İnstitutu məlumat yayıb. Yeraltı təkanların Laqanqilaq bələdiyyəsindən 2 kilometr şimal-şərqdə, ocağının 25 kilometr dərinlikdə yerləşdiyi bildirilir.
Mütəxəssislər ərazidə növbəti təkanların gözlənildiyini və dağıntılar ola biləcəyini istisna etmirlər. Hələlik dağıntılar və zərərçəkənlər barədə heç bir məlumat yoxdur.
Yeraltı təkanlar paytaxt Manilada da həyəcan yaradıb. Zəlzələ səbəbindən şəhər metrosunun hərəkətinin dayandırıldığı bildirilir.