TÜRKİYƏNİN AİLƏ VƏ SOSİAL XİDMƏTLƏR NAZİRİ DOST İNKLÜZİV İNKİŞAF VƏ YARADICILIQ MƏRKƏZİNİN FƏALİYYƏTİ İLƏ TANIŞ OLUB

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev və ölkəmizdə səfərdə olan Türkiyənin ailə və sosial xidmətlər naziri xanım Dərya Yanık DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzini ziyarət edib.

Nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən verilən məlumata görə, Dərya Yanık mərkəzlə tanış olandan sonra ona burada göstərilən xidmət prosesi barədə ətraflı məlumat verilib.

Qeyd olunub ki, mərkəzin əsas məqsədi sosial cəhətdən həssas əhali qruplarından olan şəxslərin yaradıcı potensialının, istedadlarının və digər bacarıqlarının üzə çıxarılmasına və inkişafına kömək etməkdir.

Mərkəzin üzvlərinə rəqs, musiqi, xalçaçılıq, toxuma və tikmə, səhnə ifaçılığı, dulusçuluq, fotoqrafiya, təsviri-incəsənət, dərzilik, audio-səsyazma və media, bədii oyma, kulinariya, floristika, bağçılıq və landşaft dizaynı və idman istiqaməti üzrə təlimlər keçilir.

Təlimlərə müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər və onların uşaqları, şəhid ailələrinin üzvləri, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar, aztəminatlı ailələr və əlilliyi olan 6-40 yaş arası şəxslər cəlb edilir. Mərkəzdə eyni vaxtda 100-dək şəxsə müxtəlif peşələrin öyrədilməsi imkanının mövcudluğu vurğulanıb.

Onlar mərkəzdə keçirilən məşq prosesinə baxıb, həssas əhali qruplarından olan şəxslərin çıxışlarını izləyiblər.