TÜRKİYƏ, AZƏRBAYCAN VƏ TÜRKMƏNİSTAN XİN BAŞÇILARI ÜÇTƏRƏFLİ GÖRÜŞƏ DAİR BİRGƏ BƏYANAT QƏBUL EDİB

Türkiyə Respublikası xarici işlər naziri Mevlüt Çavuşoğlunun dəvəti və Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və Nazirlər Kabineti sədrinin müavini, Türkmənistan xarici işlər naziri Rəşid Meredovun (bundan sonra – “tərəflər”) iştirakı ilə 23 fevral 2021-ci il tarixində Türkiyə Respublikasının Ankara şəhərində xarici işlər nazirlərinin beşinci üçtərəfli görüşü baş tutub.

Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsindən verilən xəbərə görə, tərəflər, xarici işlər nazirlərinin 26 may 2014-cü il tarixində Bakıda, 29 yanvar 2015-ci ildə Aşqabadda, 28 avqust 2015-ci ildə Antalyada və 19 iyul 2017-ci ildə Bakıda keçirilmiş Üçtərəfli görüşlərdə qəbul edilmiş birgə bəyanatları təsdiqlədilər.

İştirakçı dövlətlərin beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində suverenliyi və ərazi bütövlüyünə qarşılıqlı hörmət və birmənalı dəstəklərini bir daha təsdiqlədilər.

Əhatəli bir sülh, sabitlik və ortaq firavanlıq məkanının yaradılması ilə bağlı baxışlarını vurğuladılar və çoxtərəfli əməkdaşlıq perspektivlərini genişləndirmək üçün Türkmənistan-Türkiyə-Azərbaycan üçtərəfli mexanizmindən istifadə etməyin vacibliyini qəbul etdilər.

Türkiyə Respublikası, Azərbaycan Respublikası və Türkmənistan arasında Birləşmiş Millətlər Təşkilatı, İslam Əməkdaşlıq Təşkilatı, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı, Birləşmiş Millətlər Təşkilatının Təhsil, Elm və Mədəniyyət Təşkilatı (UNESCO), Türk Şurası, İqtisadi Əməkdaşlıq Təşkilatı (ECO), Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı (TÜRKSOY) və digər müvafiq regional və beynəlxalq təşkilatlar, həmçinin Asiyanın Qəlbi-İstanbul Prosesi kimi forumlar çərçivəsində davamlı əməkdaşlığın vacibliyini qeyd etdilər.

Terrorizm, separatizm, ekstremizm və ayrı-seçkiliyin bütün formaları və təzahürləri, transmilli mütəşəkkil cinayətkarlıq və narkotik maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi, silah və insan alveri, mədəni və tarixi irsə qarşı cinayətlər, kiber cinayətlər və qanunsuz miqrasiya ilə mübarizə sahəsində əməkdaşlığın daha da gücləndirilməsinin vacibliyini vurğuladılar.

Bu çərçivədə, İslam Əməkdaşlıq Təşkilatının 15 mart tarixini “İslamofobiyaya Qarşı Beynəlxalq Həmrəylik Günü” kimi qeyd etmək qərarının əhəmiyyətini vurğuladılar və bu mövzuda bütün beynəlxalq səyləri dəstəkləməyi qəbul etdilər.

Türkmənistanda keçiriləcək dövlət başçılarının üçtərəfli zirvə görüşünün son dərəcə vacib olduğunu vurğuladılar.

Üçtərəfli iqtisadi əməkdaşlığın gücləndirilməsinin, həmçinin iştirakçı dövlətləri arasında iqtisadi əməkdaşlıq üçün hüquqi bazanın vacibliyini qeyd etdilər.

Ticarət və iqtisadi əməkdaşlığı gücləndirərək, investisiya və ticarəti stimullaşdırmaq üçün mövcud potensialdan istifadə edərək, habelə gömrük, enerji, nəqliyyat, telekommunikasiya, sənaye, kənd təsərrüfatı elm, təhsil, mədəniyyət, turizm və ətraf mühitin qorunması sahələrində birgə layihələr və proqramlar həyata keçirməklə əməkdaşlığın daha da inkişaf etdirilməsinə dəstək verməyə qərar verdilər.

Hər üç ölkənin kiçik və orta müəssisələri arasında mövcud əməkdaşlığın davam etdirilməsinin vacibliyini qeyd etdilər.

COVID-19 pandemiyasına qarşı mübarizədə, o cümlədən imkanları daxilində qarşılıqlı tibbi yardım yolu ilə koronavirus peyvəndi tədarükündə öz həmrəyliklərini davam etdirməyə və gücləndirməyə qərar verdilər.

COVID-19 pandemiyasının xüsusilə beynəlxalq səyahət, ticarət və nəqliyyat sahəsindəki mənfi təsirlərini azaltmaq məqsədilə pandemiyanın qarşısının alınmasında və onun sosial və iqtisadi fəaliyyətlərə təsirinin idarə edilməsində əməkdaşlıq və koordinasiyaya sadiq olduqlarını təsdiqlədilər.

Nəqliyyat infrastrukturunun inkişafı və tranzit potensialının artırılması ilə bağlı yeni layihələrin həyata keçirilməsi üçün əməkdaşlığın daha da gücləndirilməsinin vacibliyini vurğuladılar.

“Şərq-Qərb” Trans-Xəzər nəqliyyat dəhlizi də daxil olmaqla ölkələrin tranzit potensialının gücləndirilməsi üçün görülən əhəmiyyətli səyləri qeyd etdilər və bu baxımdan Türkmənbaşı (Türkmənistan) və Ələt (Azərbaycan) limanları arasında dəniz nəqliyyatının səmərəli fəaliyyətinin vacibliyini vurğuladılar.

Müasir İpək Yolunun bir hissəsi kimi Bakı-Tbilisi-Qars (BTQ) Dəmir Yolu layihəsinin Asiya ilə Avropa arasında rəqabətli nəqliyyatın asanlaşdırılmasında əsas rolunu vurğuladılar və BTQ Dəmir Yolu ilə sərnişin daşınmasına hazırlıqlarını alqışladılar.

Ticarət əlaqələrini nəqliyyatın asanlaşdırılması və tranziti yolu ilə inkişaf etdirməyi hədəfləyən və regional əlaqələrin yeni bir ölçüsünü təmsil edən Tranzit və Nəqliyyat üzrə Əməkdaşlıq Sazişinin (Lapis Lazuli) qüvvəyə minməsini alqışladılar.

Mövcud infrastrukturun modernləşdirilməsinin və regional nəqliyyat və ticarətin inkişafı üçün əlverişli şəraitin yaradılmasının vacibliyini ifadə etdilər.

İnfrastruktur layihələrinin Xəzər regionunun çiçəklənməsi və sabitliyinə töhfəsini nəzərə alaraq nəqliyyat və energetika sahələrində regional əlaqəni təmin etmək üçün əməkdaşlığın genişləndirilməsinin vacibliyini vurğuladılar.

Üç ölkə arasında enerji sahəsində tərəfdaşlığın əhəmiyyətini vurğuladılar və Azərbaycandan təbii qazın artan həcmdə və Türkmənistandan Türkiyəyə və Avropanın qalan hissəsinə enerji mənbələrinin çatdırılmasına yönələn enerji layihələrini dəstəklədiklərini bir daha təsdiqlədilər.

Azərbaycan ilə Türkmənistan arasında Xəzər dənizində “Dostluq” adı verilən karbohidrogen yatağının birgə kəşfiyyatı və işlənməsi üzrə Memorandumun imzalanmasını məmnuniyyətlə qarşıladılar. Bu baxımdan, Türkiyənin və Avropanın qalan hissəsinin enerji təhlükəsizliyini artırmaq, həmçinin Azərbaycan və Türkmənistanın iqtisadi inkişafına və çiçəklənməsinə töhfə vermək məqsədilə karbohidrogen ehtiyatlarının inkişafı və tədarükü üçün birgə layihələr hazırlamağa hazır olduqlarını bildirdilər.

Üç ölkənin ortaq irsinə əsaslanan təhsil, elm, mədəniyyət və digər humanitar sahələrdə gələcək əməkdaşlığın inkişaf etdirilməsinin vacibliyini vurğuladılar.

Siyasi dialoq, regional və qlobal məsələlərdə davamlı əməkdaşlıq və koordinasiya məqsədilə müntəzəm olaraq üçtərəfli görüşlərin keçirilməsinin vacibliyini vurğuladılar.

Növbəti görüşün Türkmənistanda keçirilməsinə razılıqlarını bildirdilər. Görüşün tarixi diplomatik kanallarla razılaşdırılacaqdır.