UEFA ÇEMPİONLAR LİQASI: AĞDAMIN “QARABAĞ” KLUBU BAKIDA İSVEÇRƏNİN “SÜRİX” KOMANDASINA QALİB GƏLİB

Ağdamın “Qarabağ” klubu UEFA Çempionlar Liqasında növbəti qələbəsini qazanıb.
Turnirin ikinci təsnifat mərhələsinin ilk oyunları çərçivəsində Ağdam təmsilçisi İsveçrənin “Sürix” komandasını qəbul edib.
Tofiq Bəhramov adına Respublika Stadionunda oynanılan matç Azərbaycan çempionu “Qarabağ”ın 3:2 hesablı qələbəsi ilə yekunlaşıb. Ağdam təmsilçisinin heyətində İbrahima Vadji dubl edib, Kadi Borges isə fərqlənib. Rəqib komandanın qollarını Lindrit Kamberi və Mirlind Kryeziu vurublar.
“Qarabağ” birinci təsnifat mərhələsində Polşa “Lex”ini iki oyunun nəticəsinə əsasən mübarizədən kənarlaşdırıb – 0:1;5:1. “Sürix” isə avrokuboklarda mübarizəyə bu mərhələdən başlayıb.
Cavab oyunu iyulun 27-də İsveçrədə keçiriləcək. “Sürix”i üstələyəcəyi təqdirdə, “Qarabağ” UEFA Çempionlar Liqasının üçüncü təsnifat mərhələsində “Ferentsvaroş” (Macarıstan) – “Slovan” (Bratislava, Slovakiya) cütünün qalibi ilə üz-üzə gələcək. Əks halda, Azərbaycan təmsilçisi Avropa Liqasının eyni raundunda “Linfild” (Şimali İrlandiya) – “Budyo Qlimt” (Norveç) cütünün məğlub komandası ilə görüşəcək.