İtaliyanın çoxsaylı kütləvi informasiya vasitələri Azərbaycan ilə Avropa İttifaqı arasında imzalanan Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumuna geniş diqqət ayırıb.
“RAI”, “ANSA”, “AGI”, “Aska News”, “Il Sole 24 Ore”, “Notizie Yahoo”, “Italpress”, “il Dolomiti”, “Notizie Tiscali”, “Cronachedi”, “il tempo”, “Imolaoggi”, “Agenpress” kimi xəbər saytlarında dərc olunan yazılarda Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayenin ölkəmizə səfəri, Prezident İlham Əliyevlə keçirilən görüş və Azərbaycan ilə Avropa İttifaqı arasında imzalanan Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumunun əhəmiyyətindən bəhs edilib.
Bildirilib ki, Avropa İttifaqı ilə Azərbaycanın əməkdaşlığı uğurla inkişaf edir, Aİ hazırda ölkəmizin əsas ticarət tərəfdaşıdır. Enerji sahəsində əməkdaşlıq Avropa İttifaqı ilə Azərbaycanın əlaqələrinin mühüm hissəsini təşkil edir. Avropa İttifaqı ilə Azərbaycan arasında enerji sahəsində strateji tərəfdaşlığa dair Anlaşma Memorandumunun imzalanması ilə fəal əməkdaşlıq yeni mərhələyə qədəm qoyur. Memorandumda Azərbaycandan Avropa İttifaqına təchiz edilən təbii qazın həcminin ikiqat artırılması, bir neçə il ərzində ölkəmizdən qitəyə nəql olunan qaz həcmlərinin 20 milyard kubmetrə çatdırılması nəzərdə tutulur. Həmçinin Aİ Cənub Qaz Dəhlizinin genişləndirilməsi ilə bağlı üzərinə öhdəlik götürüb. Bundan başqa, Avropa İttifaqı və Azərbaycan bərpaolunan enerji sahəsində də əməkdaşlıq edəcək.