Bazar ertəsi Azərbaycan ilə Avropa İttifaqı arasında Avropaya qaz ixracının ikiqat artırılmasını nəzərdə tutan yeni saziş imzalanıb.
Amerikanın aparıcı qəzetləri bu barədə yazırlar. Qeyd olunur ki, Avropa Komissiyasının prezidenti Ursula fon der Lyayen Bakıda Azərbaycan Prezidenti İlham Əliyev ilə görüşüb və Energetika sahəsində strateji tərəfdaşlıq barədə Anlaşma Memorandumunu imzalayıb, çünki Brüssel Avropaya qaz təchizatının alternativlərini öyrənir.
Fon der Lyayen bəyan edib ki, Avropa İttifaqı əsas tərəfdaşı olan Azərbaycan ilə enerji sahəsində əməkdaşlıqda yeni səhifə açır. Onun sözlərinə görə, yeni saziş Cənub Qaz Dəhlizi vasitəsilə Avropaya sabit və etibarlı qaz təchizatına təminat verir. Həmin gün energetika üzrə komissar Kadri Simson da Bakıda rəsmi səfərdə olub.
Fon der Lyayen vurğulayıb: “Energetika bizim Azərbaycan ilə əməkdaşlığı genişləndirə biləcəyimiz sahələrin yalnız biridir. Mən münasibətlərimizin bütün potensialından istifadə etmək imkanlarını səbirsizliklə gözləyirəm”.
Yeni sazişə əsasən, Azərbaycandan Avropaya qaz təchizatını hər il artıraraq 2027-ci ilə qədər bu göstəricini 20 milyard kubmetrə çatdırmaq öhdəliyi nəzərdə tutulur.
2021-ci ildə Azərbaycan Avropa ölkələrinə təbii qaz ixracını 8,1 milyard kubmetrə çatdırıb, 2022-ci ildə isə müvafiq göstəricinin 12 milyard kubmetrə bərabər olacağı gözlənilir.