
Bu il oktyabrın 1-dən 11-dək Naxçıvan şəhərində Ümumdünya Şahmat Olimpiadası keçiriləcək.
Naxçıvan Muxtar Respublikası Şahmat Federasiyasından məlumatında bu barədə qeyd olunub.
Beynəlxalq Şahmat Federasiyası (FİDE), Azərbaycan Şahmat Federasiyası və Naxçıvan Muxtar Respublikası Şahmat Federasiyasının birgə təşkilatçılığı ilə keçiriləcək olimpiadaya FİDE-yə üzv olan hər bir federasiya bir komanda göndərmək hüququna malikdir. Hər komanda 4 oyunçudan və maksimum 2 ehtiyat oyunçudan ibarət olacaq.
Yarış İsveçrə sistemi ilə keçiriləcək və 9 turdan ibarət olacaq. Hazırda bu mötəbər yarışın qeydiyyat və təşkilati işləri ardıcıllıqla davam etdirilir. FİDE-nin üzvü olan federasiyalar yarışın rəsmi internet saytında artıq qeydiyyatdan keçirlər.
Naxçıvanda FİDE U-16 Ümumdünya Şahmat Olimpiadasının keçiriləcəyi ilə bağlı məlumatlar Beynəlxalq Şahmat Federasiyasının rəsmi internet səhifəsində (https://www.fide.com/news/1858), rəsmi feysbuk və tviter hesablarında da yerləşdirilib.
