KARANTİN MƏHDUDİYYƏTLƏRİNİN LƏĞVİ, SƏRHƏDLƏRİN AÇILMASI NƏTİCƏSİNDƏ DÜNYADA KORONAVİRUS İNFEKSİYASININ YENİ DALĞASI BAŞLAYIB

Dünya ölkələrinin bir çoxunda, xüsusən də ABŞ və Avropada koronavirusa youxmanın yeni dalğası müşahidə edilir. Hesablamalara əsasən, dünyada indi gündəlik olaraq 600-700 min nəfər koronavirusa yoluxur. Mütəxəssislərin qənaəti bundan ibarətdir ki, virusa yoluxma hallarının kəskin artımı “Omikron” ştamının müxtəlif variantlarıdır. Bu variantlar, xüsusən də BA.2 və BA.3, BA.4 və BA.5 adlanan mutant kombinasiyalı versiyalar yüksək yoluxuculuq qabiliyyətinə malikdirlər.

Koronavirusa yoluxan xəstələrin sayında yeni dinamik artım cari ilin iyun ayından etibarən özünü büruzə verir. Təkcə iyun ayı ərzində dünyada rəsmi rəqəmlərə əsasən 17,3 milyon insan  koronavirusa yoluxub. Bu da cari ilin may ayı ilə müqayisədə 15 faiz artım deməkdir. Yoluxma sayında kəskin artımlar Amerikada, Qərbi Avropada və Asiyada daha çox müşahidə edilir. Məsələn, Braziliyada iyun ayının əvvəllərində gündəlik yoluxma sayı 40 min nəfər təşkil edirdisə, indi həmin ölkədə bu rəqəm 75 minə yüksəlib. Meksikada iyun ayında yoluxma tempi 8 dəfə yüksəlib. İndi burada hər gün orta hesabla 25 min yeni yoluxma halı qeydə alınır. Çilidə hər gün 10 min nəfər COVID-19 pandemiyasına yoluxur.  

Avropa ölkələrindən Fransada pandemiyasının yeddinci dalğasının  başlanması barədə xəbərdarlıq edilir. Əgər iyun ayının əvvəllərində burada orta hesabla gündəlik 20 min nəfər sözügedən virusa yoluxurdusa, indi bu rəqəm 130 mini keçib. Eyni mənzərə Almaniyada da müşahidə edilir. Halbuki bir ay əvvəl Almaniyada yoluxma sayı indikindən dörd dəfə az idi. İtaliyada da son bir ay ərzində virusa gündəlik yoluxma sayında 10 dəfə artım qeydə alınır. İspaniya da ölkədə koronavirusa yoluxmada sayca yeddinci dalğanın başlandığını bəyan edir. Böyük Britaniya, Portuqaliya, Hindistan, İndoneziya, Tayland, Yaponiya, Rusiya, Tayvan, Koreya Xalq Demokratik Respublikası, Avstraliya və bir çox digər ölkələrdə də koronavirus infeksiyalarının sayı əhəmiyyətli dərəcədə artıb. COVID-19-dan ən çox ölüm halının yaşandığı ölkələr siyahısına əvvəlki kimi ABŞ rəhbərlik edir. İyun ayı ərzində bu ölkədə koronavirusdan 10 minə yaxın ölüm halı qeydə alınıb. 

COVID-19 pandemiyasının yeni dalğasına əsas səbəb yüksək yoluxuculuq qabiliyyətinə malik “Omikron” ştamı, eyni zamanda əksər ölkələrdə karantin məhdudiyyətlərinin aradan qaldırılmasıdır. Xüsusən də turistlərin giriş və çıxışına qoyulan qadağaların ləğvi, virusa yoluxmaların müəyyən edilməsi üçün prosedurların aradan qaldırılması, quru sərhədlərinin nəticələr hesablanmadan açılması, bu qəbildən olan digər hallar virusun yeni dalğasının yayılmasına gətirib çıxarıb. Preventiv tədbirlər görülməyəcəyi təqdirdə payıza doğru koronovirusa yoluxma sayında daha böyük artımlar olacağı proqnozlaşdırılır. Ümumdünya Səhiyyə Təşkilatı isə xəbərdarlıq edir ki, belə şəraitdə koronavirusun yeni, daha təhlükəli ştamı ortaya çıxa bilər.

Hadisələrin gedişindən narahat olan bəzi ölkələr quru sərhədlərinin bağlanması və ya gündəlik buraxılış sayını əhəmiyyətli dərəcədə azaltmağı planlaşdırırlar. Məsələn, Fransanın baş naziri  Elizabet Born ölkədə koronavirusla bağlı yaranmış kəskin vəziyyətlə əlaqədar sərhədlərdə sanitar keçidlərin tətbiqinə icazə verən qanun layihəsini parlamentə təqdim edib. Türkiyə Tibb Birliyi ölkədə koronavirusa yoluxma hallarının sayının artması ilə əlaqədar hökuməti məhdudlaşdırıcı tədbirlərə qayıtmağa çağırıb. Bu qəbildən olan misalların sayını daha da artırmaq mümkündür. 

Azərbaycana qonşu ölkələrdə də koronavirusla bağlı vəziyyət qeyri-qənaətbəxşdir. Gürcüstanın İnfeksion Patologiya və QİÇS Mərkəzinin direktoru Tengiz Tsertsvadze qeyd edir ki, son aylar ərzində ölkədə orta hesabla gündəlik 100 yoluxma halı qeydə alınırdısa, quru sərhədlərinin açılması, digər məhdudiyyətlərin ləğvindən sonra indi gündəlik yoluxma sayı 600-700 nəfərə çatıb. Payıza doğru vəziyyətin daha da pisləşməsi gözlənilir. Qardaş Türkiyəyə çoxsaylı turist axını, xüsusən quru sərhədlərindən daxil olanların sayında qeydə alınan artım burada koronavirusa yoluxma sayını son dövrlər ərzində xeyli çoxaldıb. İyulun 15-dən etibarən koronavirus məhdudiyyətlərini ləğv etməyə hazırlaşan Rusiyada da bu infeksiyaya yoluxanların sayında artım gözlənilir. Ümumdünya Səhiyyə Təşkilatının nümayəndəsi Melita Vuynoviç bu prosesdə məhdudiyyətlərin ləğvi prosesinin əsas rollardan birini oynacağını bildirib. İranda, Ermənistanda da artımlar qeydə alınır. 

Mövcud vəziyyətin təhlili göstərir ki, karantin qaydalarını daha tez ləğv edən, turistlərin və digərlərinin ölkəyə yoxlanılmadan giriş-çıxışına icazə verən, bunu xüsusən quru sərhədi üzərindən həyata keçirən ölkələrdə koronavirusa yoluxma sayında kəskin artmlar qeydə alınır və payıza doğru həmin ölkələrdə vəziyyətin daha da pisləşməsi qaçılmaz sayılır. Çünki hava nəqliyyatı ilə müqayisədə quru sərhədlərindən istifadə edərək ölkələrə gediş-gəliş sayı dəfələrlə çox olur. Bu da virusun yayılma dövriyyəsinə ciddi şəkildə təsir edir. Bu mənada Azərbaycanın quru sərhədlərini digər əksər ölkələr kimi tələsik açmaması başadüşülən və alqışlanandır. Məhz bunun nəticəsidir ki, Azərbaycanda koronavirusa yeni yoluxma halları olduqca azdır, aktiv xəstələrin sayi heç 300 nəfərə çatmır. Halbuki, bir çox digər ölkələr kimi Azərbaycan da karantin tədbirlərinin hamısını ləğv etsəydi, ölkəyə gediş-gəliş sayının artmasına ikan verən quru sərhədlərini açsaydı, indi ölkəmizdə də virusa gündəlik yoluxma sayı ikirəqəmli yox, yenidən üçrəqəmli, dördrəqəmli hədlərlə ifadə edilərdi. Bu da karantin məhdudiyyətlərinin yenidən qayıtması, yeni maliyyə və iqtisadi itkilərin yaranması demək olardı.  

Mövcud vəziyyət göstərir ki, Azərbaycanda pandemiya ilə əlaqədar epidemioloji vəziyyət tam nəzarət altındadır. Gündəlik yoluxma sayı artıq müəyyən müddətdir ikirəqəmli hədlə ifadə edilir. Xəstəliklə bağlı kliniki durum və xəstəxanalara olan tələbat baxımındada da ölkəmizdə heç bir problem yoxdur. Azərbaycan peyvəndləməni əvvəlki templə davam etdirmək üçün lazımı miqdarda vaksin ehtiyatına malikdir. Həm Azərbaycan vətəndaşları, həm də ölkəmizdə daimi və müvəqqəti yaşayış icazəsi olan xarici vətəndaşların bütün platformalarda vaksinlərə əlçatanlığı təmin edilib.

Azərbaycan hazırda koronavirus infeksiyasına qarşı ən effektiv mübarizə aparan ölkələr sırasında yer alır. Lakin koronavirus xəstələrinin sayı sıfıra düşməyincə və uzun müddət sıfırda davam etməyincə, xəstəliyin başa çatdığını demək olmaz. Bu səbəbdən preventiv tədbirlərin, xüsusən peyvəndləmə prosesinin davam etdirilməsi, profilaktika tədbirlərinə riayət olunması, xaricdən virusun ölkəyə daxil olma ehtimalının əhəmiyyətli dərəcədə azalması üçün hələ bir müddət quru sərhədlərinin bağlı qalması, hava limanlarında nəzarət tədbirlərinin gücləndirilməsinə, digər müvafiq addımların atılmasına ciddi zərurət var.