Kanberrada nəşr olunan “Srpski qlas” qəzeti Avstraliya-Azərbaycan və Serbiya-Azərbaycan diplomatik münasibətlərinin 30-cu ildönümünə həsr olunan məqalə yayıb.
Müəllifi əslən serbiyalı jurnalist Nina Markoviç Kaze olan “Mirvari yubiley”: paytaxt Kanberra və Bakı arasında diplomatik münasibətlərin 30-cu ildönümü” adlı məqalədə həm Avstraliya ilə Azərbaycan, həm də Serbiya ilə Azərbaycan arasında son 30 ildə diplomatik sahədə əlaqələrin inkişafından bəhs edilir.
Məqalənin birinci hissəsində bildirilir ki, 2022-ci ilin iyununda Avstraliya ilə Azərbaycan arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi qeyd olunur. Müəllif yazır ki, Avstraliyada Asiya regionunun öyrənilməsi ibtidai məktəblərdə kurrikulumun bir hissəsi olsa da, burada həmin region haqqında çox az məlumat var. Xatırladılır ki, son illər bu bölgə qonşu ölkələr olan Ermənistan və Azərbaycan arasında yaranan münaqişə səbəbindən yenidən medianın manşetinə düşüb. Qeyd edir ki, aktiv iqtisadi investisiya diplomatiyası ilə Serbiya Azərbaycanla böyük infrastruktur layihələrinin həyata keçirilməsindən tutmuş mədəniyyətə qədər bir çox sahədə əlaqələri inkişaf etdirməyə nail olub.
Məqalədə müəllif qarşıya qoyduğu “Asiya-Sakit Okean regionunun orta dövləti kimi Avstraliya bir vaxtlar Mərkəzi Asiyadan qara kürü istehsalı üzrə dünyanın aparıcı ölkəsi və böhran dövründə təbii sərvətlərlə zəngin Azərbaycanla əməkdaşlıq haqqında Serbiyadan nə öyrənə bilər?” sualına cavab tapmağa çalışır.
Bildirir ki, alimlərin qənaətinə görə Azərbaycanın tarixi 5000 ildən artıqdır. Azərbaycanın dünyanın ən qədim mədəniyyətlərindən birinə malik olduğuna dair arxeoloji sübutlar var.
Yazıda qədim dövrlərdən Azərbaycanın neft yataqları ilə zəngin bir ölkə kimi tanındığı xüsusi qeyd edilir. Bildirilir ki, hələ eramızın IX-X əsrlərində ərəb tarixçiləri Azərbaycan əhalisi ilə ağ-qara neft arasında əlaqə haqqında yazıblar. XIV əsrdə isə italyan səyyah Marko Polo dünyanı gəzərkən məşhur qeydlərində bu ərazilərdə neftin necə çıxarıldığını təsvir edib.
Məqalədə Azərbaycanda hasil edilən neftin yanacaq kimi Yaxın Şərq ölkələrinə daşındığı və hətta müalicə məqsədilə istifadə olunduğu xüsusi vurğulanır. XIX əsrin sonlarından isə bu ərazilərdən neft yataqlarının kommersiyalaşdırılmasına başlandığı, məşhur Nobel qardaşlarının Azərbaycan neftindən əldə etdikləri sərvət sayəsində dünyaşöhrətli sənayeçilərə çevrildikləri qeyd olunur.
1991-ci ildə müstəqilliyini bərpa edən Azərbaycanın bir il sonra Birləşmiş Millətlər Təşkilatına və bir çox beynəlxalq təşkilatlara üzv qəbul olunması yazıda əksini tapıb. Ermənistan ilə Azərbaycan arasında ötən əsrin 80-ci illərinin sonlarında başlanan ərazi münaqişəsinin regiona böyük ziyan vurduğu, 2020-ci ildə baş verən müharibə nəticəsində Azərbaycanın 30 ilə yaxın bir dövrdə işğal altında olan torpaqlarını azad etdiyi də qeyd edilib. Hazırda həmin ərazilərdə Azərbaycan hökuməti tərəfindən böyük bərpa və quruculuq işlərinin aparıldığı vurğulanıb.
Məqalənin ikinci hissəsi “Serbiya və Azərbaycan” adlanır və burada əsasən iki dost ölkə arasında uğurla davam edən əməkdaşlıqdan bəhs olunur. Qeyd edilir ki, düz 11 il əvvəl Serb şairi Milorad Paviçin və müasir Azərbaycanın yaradıcısı, hazırkı Prezidentin atası Heydər Əliyevin böyük bürünc heykəlləri ucalan Taşmajdanski parkı Azərbaycanın ianələri hesabına təmir edilib. İki ildən sonra isə Azərbaycanın paytaxtında serb alimi Nikola Teslanın heykəli qoyulub.
Yazıda Azərbaycan şirkətlərinin Serbiyada yeni yolların tikintisi üçün infrastruktur layihələrinə cəlb olunduğu, yüksək səviyyəli rəsmilərin siyasi səfərlərinin həyata keçirildiyi qeyd edilib. 2020-ci ildə isə Belqradda Azərbaycan Mədəniyyət Mərkəzinin açıldığı xatırlanıb. Həmçinin 2021-ci ildən başlayaraq, Serbiya şirkətlərinə Azərbaycanın müharibədən zərər çəkmiş ərazilərinin bərpasında iştirak etmək üçün dəvət göndərildiyi qeyd edilib.
Müəllif məqalədə vurğulayır ki, Avstraliyanın Serbiyadan öyrənə biləcəyi dərs iqtisadi əməkdaşlığın bu hissəsindədir. Kanberra-Bakı marşrutu üzrə iqtisadi əlaqələr çox təvazökardır və xidmətlər sahəsində mübadilə demək olar ki, yoxdur. Avstraliyada yeni hökumətin seçilməsi Azərbaycanla münasibətləri yaxşılaşdırmaq üçün yeni şansa çevrilə bilər. Avropa və Asiya hökumətlərinin prioritetləri sırasında enerji çatışmazlığının özünü göstərdiyi, eləcə də əsas mallar, nəqliyyat və ərzaq qiymətlərinin artdığı bir vaxtda Avstraliya yeni tərəfdaşların tapılmasına daha çox səy göstərməlidir.
Müəllif vurğulayır ki, Azərbaycan belə əməkdaşlıq üçün çox yaxşı namizəddir. Digər tərəfdən, Avstraliya regionda iğtişaşların sülh yolu ilə həlli üzrə zəngin təcrübəsini təklif edə bilər. Qeyd edir ki, diplomatik münasibətlərin 30 illiyinin qeyd olunması ilə əlaqədar “Mirvari yubiley” ikitərəfli münasibətləri nəzərdən keçirmək üçün yaxşı imkandır, eyni zamanda, diplomatiya və mədəni mübadilənin daha böyük yer tutmalı olduğu yenilik və yaradıcılıq üçün nadir fürsətdir.