TEYMUR MUSAYEV: ÖZƏL TİBB MÜƏSSİSƏLƏRİNİN BİRLİYİNİN TƏSİS EDİLMƏSİNƏ EHTİYAC VAR

Aparılan araşdırmalar zamanı özəl tibb müəssisələrinin birliyinin təsis edilməsinə ehtiyac olduğunu müəyyənləşdirdik.

Bunu səhiyyə naziri Teymur Musayev “Tibb biznesində perspektiv imkanlar” mövzusunda keçirilən ictimai müzakirələrdə çıxışı zamanı deyib.

Nazir bildirib ki, Səhiyyə Nazirliyinə müxtəlif özəl qurumlardan, qeyri-hökumət təşkilatlarından, vətəndaş cəmiyyəti institutunun nümayəndələrindən mütəmadi müraciət və təkliflər daxil olur.

“Həmin müraciətlər təhlil olunur və lazımi addımlar atılır. Aparılan araşdırmalar zamanı özəl tibb müəssisələrinin birliyinin təsis edilməsinə ehtiyac olduğunu müəyyənləşdirdik. Səhiyyə Nazirliyi olaraq belə bir birliyin yaradılmasını vacib hesab edirik. Burada iştirak edən və etməyən hər bir özəl tibb subyektini bu kimi platformalarda aktiv iştiraka dəvət edirəm. Düşündüyümüz odur ki, belə bir birlik ölkə ərazisində özəl tibb müəssisələrinin qarşılıqlı əlaqəsinin inkişafına, əhalinin sağlamlığının qorunması sahəsində göstərilən tibbi xidmətlərin keyfiyyətinin artırılmasına, dövlət-özəl dialoqunun təşviqinə töhfə vermiş olardı”, – deyə nazir əlavə edib.