BRİTANİYA QARABAĞDA MİNALARIN TƏMİZLƏNMƏSİ PROSESİNƏ ƏLAVƏ VƏSAİTİN AYRILMASINI NƏZƏRDƏN KEÇİRİR

Böyük Britaniya Qarabağda minaların təmizlənməsi prosesinə əlavə vəsaitin ayrılması məsələsini nəzərdən keçirir.

Bunu Böyük Britaniyanın Azərbaycandakı səfiri Ceyms Şarp deyib.

“Böyük Britaniya minaların təmizlənməsi prosesində Azərbaycana kömək göstərməkdən məmnundur. Biz bu istiqamətdə daha çox maliyyənin ayrılması üçün yeni imkanlar axtarırıq. Ümid edirəm ki, tezliklə yeni maliyyələşmə barədə elan edəcəyik”, – deyə o bildirib.

Onun sözlərinə görə, Böyük Britaniya artıq BMT İnkişaf Proqramına Azərbaycan Minatəmizləmə Agentliyinə dəstək üçün 500 min funt sterlinq vəsait ayırıb. Səfir qeyd edib ki, Britaniya şirkətləri Azərbaycana texniki məsləhətlər, qeyri-texniki xidmətlər, minalar əleyhinə fəaliyyət standartları təqdim edir.

“Biz hər iki tərəfi sülh prosesinin sürətlənməsinə təşviq edirik. Biz həm də Aİ-nin bu prosesdə Azərbaycanla Ermənistana kömək göstərmək səylərini dəstəkləyirik. Bu, çox uzun prosesdir, amma biz artıq 30 il ərzində olmayan müsbət dəyişiklikləri görürük”, – səfir deyib.