İyunun 29-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Aşqabadda Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov ilə görüşü olub.
Dövlətimizin başçısını Aşqabadda salamlamaqdan məmnunluğunu bildirən Prezident Sərdar Berdiməhəmmədov Zirvə Toplantısına dəvəti qəbul edib iştirak etdiyinə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirib. İlk sammitin 2002-ci ildə Aşqabadda keçirildiyini xatırladan Türkmənistan Prezidenti həmin tədbirdə uzunmüddətli perspektiv üçün əməkdaşlığın əsasının qoyulduğunu vurğulayıb. Sərdar Berdiməhəmmədov 2018-ci ildə Xəzərin hüquqi statusu haqqında Konvensiyanın imzalanmasına toxunub, Xəzər dənizində nəqliyyat, gəmiçilik, sülhün, ekoloji təhlükəsizliyin qorunması, balıqçılıq, fövqəladə hallar barədə xəbərdarlıq və onların qarşısının alınması sahələrində əməkdaşlıq barədə bir çox müqavilə üzrə işin aparıldığını deyib. Xəzər dənizinin ümumi sərvət olduğunu deyən Türkmənistanın dövlət başçısı regionda səmərəli qarşılıqlı fəaliyyətin inkişafına verdiyi şəxsi töhfəsinə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirib.
x x x
Dəvətə görə təşəkkürünü bildirən Prezident İlham Əliyev, ilk növbədə Sərdar Berdiməhəmmədovu Türkmənistan Prezidenti vəzifəsinə seçilməsi münasibətilə şəxsən təbrik edib, fəaliyyətində uğurlar arzulayıb. Azərbaycan Prezidenti bununla bağlı Sərdar Berdiməhəmmədova məktub ünvanladığını və telefonla təbrik etdiyini məmnunluqla xatırlayıb. Dövlətimizin başçısı son vaxtlar Türkmənistanda əldə olunan davamlı inkişafın Sərdar Berdiməhəmmədovun rəhbərliyi ilə də davam etdiriləcəyinə əminliyini bildirib.
Zirvə Toplantısının əhəmiyyətinə toxunan Prezident İlham Əliyev 20 il əvvəl Xəzəryanı dövlətlərin sammitinin keçirilməsinin təşəbbüskarının Türkmənistanın olduğunu qeyd edib və həmin sammitin Xəzərdə geniş və çoxtərəfli əməkdaşlığın əsasını qoyduğunu, Konvensiyanın imzalanmasının önəmini vurğulayıb.
Türkmənistanın Xəzər dənizində və Xəzəryanı dövlətlər arasında əməkdaşlığa töhfəsini yüksək qiymətləndirən Azərbaycan Prezidenti bugünkü Zirvə Toplantısının təhlükəsizlik, ekologiya, su ehtiyatları istiqamətləri üzrə əməkdaşlığın möhkəmlənməsi işində daha bir addım olacağına əminliyini bildirib. Xəzərin əsrlər boyu qonşu kimi yaşamış xalqlarımızı birləşdirən dəniz olduğunu deyən Prezident İlham Əliyev regionumuzda gələcək təhlükəsiz inkişafın təmin ediləcəyinə əminliyini bildirib, bu işdə Xəzəryanı dövlətlərin böyük rolunu vurğulayıb.
İkitərəfli münasibətlərimizin uğurla inkişaf etdiyini deyən dövlətimizin başçısı bildirib ki, biz bu əlaqələri yüksək qiymətləndiririk. Prezident İlham Əliyev gələcəkdə dövlətlərarası əlaqələrimizin səviyyəsini daha yüksəyə qaldırmaq üçün Prezident Sərdar Berdiməhəmmədov ilə ikitərəfli formatda da fəal işin aparılacağına əminliyini ifadə edib.