TÜRKİYƏ-ERMƏNİSTAN MÜNASİBƏTLƏRİNİN NORMALLAŞMASI ÜZRƏ NÖVBƏTİ GÖRÜŞ VYANADA KEÇİRİLƏCƏK

Türkiyə ilə Ermənistan arasında münasibətlərin normallaşması üzrə növbəti görüş iyulun 1-də Vyana şəhərində keçiriləcək.

Türkiyə Xarici İşlər Nazirliyinin məlumatına görə, iki ölkənin xüsusi nümayəndələri Sərdar Kılıç və Ruben Rubinyan arasında dördüncü görüş 2022-ci il iyulun 1-də Avstriyanın paytaxtında baş tutacaq. Ermənistan Xarici İşlər Nazirliyi çərşənbə axşamı Türkiyə nümayəndəsi ilə görüşün keçiriləcəyi vaxtı və yeri təsdiqləyib.

Ötən gün Ermənistanın Baş naziri Nikol Paşinyan mətbuat konfransında Türkiyə və Ermənistanın kiçik addımlarla da olsa, münasibətləri normallaşdırmağa çalışdığını bildirib. Eyni zamanda, o, Ankaranın bu prosesi İrəvanla Bakı arasında münasibətlərlə əlaqələndirdiyini xatırladıb.

Qeyd edək ki, hazırda Türkiyə və Ermənistan arasında diplomatik əlaqələr mövcud deyil. İki ölkə arasındakı sərhədlər Ankaranın təşəbbüsü ilə 1993-cü ildən bağlıdır. Münasibətlərin gərginləşməsinə bir sıra amillər, əsasən də Ankaranın Qarabağ problemində Azərbaycanın mövqeyini dəstəkləməsi və 1915-ci il uydurma “erməni soyqırımı” məsələsinin beynəlxalq aləmdə tanınması prosesinə Türkiyənin kəskin reaksiyası səbəb olub.

Türkiyə və Ermənistan arasında normallaşma prosesi üzrə xüsusi nümayəndələrin – Türkiyənin ABŞ-dakı sabiq səfiri Sərdar Kılıç və Ermənistan parlamentinin sədr müavini Ruben Rubinyanın ilk görüş yanvarın 14-də Moskvada, növbəti iki görüş isə fevralın 24-də və mayın 3-də Vyanada baş tutub.