PREZİDENTLƏR İLHAM ƏLİYEV VƏ ŞAVKAT MİRZİYOYEV DAŞKƏNDDƏ “TEXNOPARK” MMC-NİN FƏALİYYƏTİ İLƏ TANIŞ OLUBLAR

İyunun 21-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev Daşkənddə “TEXNOPARK” MMC-nin fəaliyyəti ilə tanış olublar.

Dövlətimizin başçısına “TEXNOPARK” barədə məlumat verildi. Bildirildi ki, “TEXNOPARK” MMC 2019-cu ildə Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin təşəbbüsü ilə yaranıb. “TEXNOPARK” yüksək texnologiyalı, rəqabətqabiliyyətli, ixracyönümlü və idxalı əvəz edən sənaye məhsullarının istehsalını təmin etmək məqsədilə yaradılıb. “TEXNOPARK” MMC-nin sahəsi 103 hektardan artıqdır.

Dövlətimizin başçısı burada istehsal olunan sənaye, texniki, elektron, inşaat və məişət məhsullarına baxıb.

Bildirilib ki, tərəfdaşları dünyanın aparıcı şirkətləri olan “TEXNOPARK” MMC-nin fəaliyyəti, eyni zamanda, geniş çeşiddə məişət texnikası istehsalı üzrə müəssisələrin, həmçinin yeni iş yerlərinin yaradılmasına yönəlib. Hazırda burada 13 istehsal obyekti fəaliyyət göstərir. Bunların sırasına lift, eskalator, elektron qaz sayğacları, məişət soyuducuları, sənaye kondisionerləri, soyutma sistemləri, paltaryuyan maşın və digərləri daxildir. 2022-ci ildə burada yeni sənaye avadanlıqlarının istehsalı, avtomatlaşdırılmış logistika mərkəzinin yaradılması nəzərdə tutulub.

“TEXNOPARK” MMC-də 16 sənaye istiqaməti birləşib. Burada, həmçinin logistik mərkəz də fəaliyyət göstərir, daxili və xarici bazarlara yönəlmiş geniş çeşiddə sənaye, texniki, elektron, tikinti və məişət məhsulları istehsal olunur.