Azərbaycanın üzgüçülük üzrə milli komandası 9-13 iyun tarixlərində “GOLDEN ORLANDO” adlı beynəlxalq turnirdən vətənə 27 medalla dönüblər.
Bu barədə Üzgüçülük Federasiyasının mətbuat xidmətinin rəhbəri Məqsəd Rəhimov deyib.
Onun sözlərinə görə, 11 nəfər heyətlə Xorvatiyanın Dubrovnik şəhərinə yola düşən idmançılarımız yarışın birinci günündə 6 qızıl, 5 gümüş, 2 bürünc medala sahib olub. Üzgüçülərimizdən Ayan Kələntərova A və B finalında 400 metr qarışıq üsulda və 200 metr brass üsulunda, Ramil Vəlizadə A və B finalında 200 metr batterflyay üsulunda, Abrürrəhman Rüstəmov isə B finalında 200 metr batterflyay üsulunda kürsünün ən yüksək pilləsinə yüksəliblər. İdmançılarımızdan Rəşad Alquliyev A və B finallarında 400 metr qarışıq üsulda, İlahə Rəciyeva A finalında 200 metr batterflyay üsulunda, Əbdürrəhman Rüstəmov A finalında 200 metr batterflyay üsulunda, Məryəm Şeyxəlizadəhandah isə A finalında 50 metr betterflyay üsulunda bürünc medal qazanıblar. Yarışın birinci günündə Fatimə Alkərəmova A finalında 400 metr sərbəst üsulda, Nihad Yusibov B finalında 100 metr arxası üstə üsulda bürünc medalla kifayətləniblər.
Beynəlxalq turnirin ikinci günü də milli komandamız üçün uğurlu olub. Belə ki, yarışlara qatılan idmançılarımız medallar uğrunda mübarizədə fərqlənməyi bacarıblar. Üzgüçülərimiz 1 qızıl, 6 gümüş, 6 bürünc olmaqla 13 medal qazanıblar. Onlardan Ramil Vəlizadə B finalında 100 metr batterflyay üsulunda kürsünün ən yüksək pilləsinə qalxıb. İdmançımız A finalında 100 metr batterflyay üsulunda gümüş medal qazanıb. Digər idmançılarımızın 2-ci gün üçün nəticələri belədir:
Məryəm Şeyxəlizadəhangah A finalı üçün 100 metr batterflyay üsulunda 2-ci yer, 50 metr batterflyay üsulunda 2-ci yer, 50 metr sərbəst üsulda 3-cü yer, Fatimə Alkərəmova – A finalında 200 metr sərbəst üsulda və 200 metr qarışıq üsulda 3-cü yer, Əbrürrəhman Rüstəmov B finalı üçün 100 metr batterflyay üsulunda 2-ci yer, Ayan Kələntərova B finalı üçün 100 metr brass üsulunda 2-ci yer, 200 metr qarışıq üsulda 3-cü yer, İlahə Rəciyevə A finalı üçün 100 batterflyay üsulunda 3-cü yer, Nahid Yusibov isə B finalı üçün 50 metr arxası üstə 2-ci yerə layiq görülüb.
Beləliklə, üzgüçülük üzrə milli komandamız Xorvatiyadan 10-u qızıl, 10-ü gümüş, 7-si bürünc olmaqla ümumilikdə 27 medalla dönüb.
Federasiyadan onu da bildiriblər ki, bu turnir bitdikdən sonra komandanın bir qrup üzvü vətənə dönəcək və 17-19 iyun tarixlərində Bakı şəhərində keçiriləcək Açıq Yay çempionatına qatılacaq. Digər iki üzgüçümüz, Ramil Vəlizadə və Məryəm Şeyxəlizadəxangah və üzgüçülük üzrə milli komandanın baş məşqçisi Rəşad Əbdürəhmanov Macarıstanın Györ şəhərində Macarıstan yığması ilə birgə təlim məşq toplanışına qatılacaqlar. Toplanış bitdikdən sonra hər iki üzgüçümüz iyunun 18-dən 23-nə kimi Macarıstanda təşkil olunacaq dünya çempionatında iştirak edəcəklər. Dünya çempionatına vəsiqə qazanan hər iki üzgüçümüz yarışlarda uğurlu çıxış etmək və öz nəticələrini daha da yüksəltmək üçün mübarizə aparacaqlar.