“FERRARİ”NİN PİLOTU ŞARL LEKLER FORMULA 1 AZƏRBAYCAN QRAN-PRİSİNİN TARİXİNƏ DÜŞÜB

“Ferrari”nin pilotu Şarl Lekler Formula 1 Azərbaycan Qran-Prisinin tarixinə düşüb.
Monakolu pilot Azərbaycan Qran-Prisinin tarixində iki dəfə poul qazanan yeganə idmançıdır.
Ş.Lekler ilk poulunu ötən il qazanıb. Həmin il pilot Azərbaycan Qran-Prisini dördüncü pillədə başa vurub.
Builki dünya çempionatına martın 18-20-də Bəhreyn Qran-Prisi ilə start verilib. Sonrakı mərhələlər Səudiyyə Ərəbistanı, Avstraliya, İtaliya, ABŞ, İspaniya və Monakoda keçirilib. Yeddi mərhələdən sonra pilotların siyahısına “Red Bull Racing” komandasının niderlandlı sürücüsü Maks Ferstappen başçılıq edir. Onun aktivində 125 xal var. Ferstappendən 9 xal geri qalan Şarl Lekler (“Ferrari”) ikinci sırada qərarlaşıb. İlk beşliyi 110 xalla Serxio Peres (“Red Bull Racing”), 84 xalla Corc Rassel (“Mercedes”) və 83 xalla Karlos Saynz (“Ferrari”) tamamlayırlar.

Konstruktorlar kubokunun lideri isə “Red Bull Racing” (235 xal) komandasıdır. “Ferrari” 199 xalla ikinci, “Mercedes” isə 134 xalla üçüncü pillədə yer alıb. Sonrakı yerlərdə “Maklaren” (59), “Alfa Romeo” (41), “Alpine Reno” (40), “Apfatauri” (17), “Haas Ferrari” (15), “Aston Martin” (7) və “Uilliyams” (3) komandaları qərarlaşıblar.
Qeyd edək ki, Azərbaycan Formula 1 yarışlarına altıncı dəfədir ev sahibliyi edir. Avropa Qran-Prisi adlandırılan ilk yarış 2016-cı ildə təşkil olunub. Bu yarışda “Mercedes” komandasının pilotu Niko Rosberq birinci olub. Növbəti ildən Azərbaycan Qran-Prisi adını alan yarışlarda Daniel Rikkardo (“Red Bull Racing” – 2017), Lusi Hamilton (“Mercedes” – 2018), Valtteri Bottas və Luis Hamilton (“Mercedes” – 2019), Serxio Peres (“Red Bull Racing” – 2021) qalib gəliblər. 2020-ci ildə Formula 1 Azərbaycan Qran-Prisi koronavirus pandemiyası səbəbindən keçirilməyib.