Gənclər və İdman Nazirliyinin dəstəyi və “ASAN Könüllüləri” Təşkilatının təşkilatçılığı ilə “ASAN Akademiya – Qarabağ” layihəsi həyata keçiriləcək.
Gənclər və İdman Nazirliyinin saytına istinadla xəbər verir ki, iki ay müddətində davam edəcək layihənin məqsədi müxtəlif ixtisaslar üzrə təhsil alan, fərdi inkişafa dəyər kimi baxan, böyük qayıdış prosesində iştirak edəcək Qarabağlı gəncləri bir araya toplayaraq onları təcrübi biliklərə yiyələndirməkdir.
Layihə müddətində iştirakçılar üçün peşəkarlar tərəfindən insan resurslarının, layihələrin, biznesin idarəedilməsi, ictimaiyyətlə əlaqələr və sosial media marketinq, innovasiya, maliyyə, hüquq olmaqla yeddi modul üzrə xüsusi proqram tədris olunacaq.
İştirakçıların təcrübi biliklərə yiyələnməsi, proqramın real tətbiqi məqsədilə nəzəri hissədən əlavə müxtəlif xüsusi məkanlara ekskursiyalarının təşkili nəzərdə tutulur.
Qeyd olunub ki, layihədə 16-24 yaş aralığında qeydiyyatdan keçmiş və müsahibə əsasında uğurlu hesab edilən 50 qarabağlı gənc iştirak edəcək.
Layihədə iştirak etmək üçün https: https://bit.ly/39j3RFZ linkindən qeydiyyat keçmək olar.
Son müraciət tarixi iyunun 20-dir.