
Prezident İlham Əliyevin Azərbaycan Respublikasında 2022-ci ilin “Şuşa İli” elan edilməsi haqqında Sərəncamını və gənclərin vətənpərvərlik, azərbaycançılıq, dövlətçilik, dünyəvilik prinsipləri əsasında, xalqımızın tarixinə, mədəni irsinə, adət-ənənələrinə, dövlət dilinə və rəmzlərinə, milli-mənəvi və ümumbəşəri dəyərlərə hörmət ruhunda tərbiyə olunmasını rəhbər tutaraq Azərbaycan Respublikasının Gənclər Fondu (AZGF) gənclər təşkilatlarını “Şuşa İli”nə həsr olunmuş layihə müraciətlərini təqdim etməyə dəvət edir.
AZGF-dan bildiriblər ki, layihə təklifləri Gənclər Fondunun rəsmi saytında elektron xidmətlər sistemi vasitəsi ilə iyunun 30-dək təqdim olunmalıdır.
Təqdim olunacaq layihələrin mövzusu Azərbaycan Respublikasında “Şuşa İli”nin elan edilməsi ilə bağlı tədbirlərin təşkili, gənclərin Şuşanın tarixi və mədəni irsi ilə bağlı maarifləndirilməsi, Şuşanın tarixi, mədəniyyəti, təbiəti, abidələri, özünəməxsus ənənələri barədə araşdırmalar, Şuşaya qayıdış prosesində gənclərin həvəsləndirilməsi və iştirakı, əcnəbi tələbələrin və gənc tədqiqatçıların Şuşanın tarixi və mədəni abidələri və orada aparılan bərpa-quruculuq işləri ilə tanış edilməsi, Şuşa şəhərində reallaşdırılacaq start-up layihələridir.
Təqdim olunacaq layihələr çərçivəsində Şuşanın tarixi və mədəni irsinin, işğal dövründə Şuşanın tarixi, dini, maddi mədəniyyət abidələrinə vurulan zərərin gənc tədqiqatçıların cəlb olunması ilə araşdırılması, Şuşanın onlayn və rəqəmsal alətlər vasitəsilə təbliği, Azərbaycanda və xarici ölkələrdə “Şuşa İli”nə həsr olunmuş gənclər tədbirlərinin təşkili, gənclərin Şuşaya qayıdış prosesinə dəstək təşəbbüsləri və “Şuşa İli” ilə bağlı digər innovativ layihə formatları nəzərdə tutulur.
Azərbaycan Respublikasının Gənclər Fondu tərəfindən qrant müsabiqəsindən kənar gənclər təşkilatlarının layihələrinin maliyyələşdirilməsi qaydasına əsasən müraciət edən gənclər təşkilatları son iki il ərzində ən azı üç layihə həyata keçirməlidir. Son bir il ərzində fəaliyyəti ilə bağlı ətraflı hesabatı Fonda təqdim etməlidir, qeydiyyatda olduğu şəhər, rayonda davamlı fəaliyyəti mövcud olmalıdır, cəmiyyətə açıq olmalıdır və internet şəbəkəsində daim yenilənən veb-sayta və ya sosial şəbəkələrdə hesablara malik xüsusi tələblərə cavab verməlidir.
Layihələrin icra müddətinin üç ay olaraq müəyyənləşdirilməsi tövsiyə olunur. Həmçinin layihələrin icrasının tam və ya qismən Şuşa şəhərində keçirilməsi planlaşdırılır.
Layihə barədə ətraflı məlumatı https://youthfoundation.az/131281/ linkindən əldə etmək olar.
