BU İLİN İLK DÖRD AYI ƏRZİNDƏ 2500-DƏN ÇOX İŞSİZLİKDƏN SIĞORTA TƏYİNATI APARILIB

Hazırda işsizlikdən sığorta mexanizminin genişləndirilməsi istiqamətində geniş işlər gedir. Həm “Məşğulluq haqqında” qanunvericiliyə, həm də “İşsizlikdən sığorta haqqında” Qanuna dəyişikliklər paketi hazırlamışıq. Əgər 2020-ci ildə 1200 nəfərə işsizlikdən sığorta təyin olunmuşdusa, ötən il həmin rəqəm 3700-ü ötüb. Bu ilin ilk dörd ayının nəticələrinə əsasən, 2500-dən çox işsizlikdən sığorta təyinatı aparmışıq. Əhatə dairəsinin genişləndirilməsi nəticəsində inanırıq ki, işsizlikdən sığorta təyinatı 10 mini ötəcək.

Bunu Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Mustafa Abbasbəyli deyib.

Agentliyin İdarə Heyətinin sədri bildirib ki, bundan əlavə, sırf şəhid ailəsi üzvləri və qazilərin məşğulluğunun təmin olunması baxımından peşə hazırlığı kurslarının da geniş şəkildə həyata keçirilməsinə başlanılıb: “2021-ci ilin sentyabrından Azərbaycan Dövlət Neft və Sənaye Universiteti və İsrail-Azərbaycan Ticarət və Sənaye Palatası ilə birlikdə bir neçə qazi və şəhid ailəsi üzvünün məşğulluq imkanlarının artırılması məqsədilə İKT sahəsində peşə hazırlığı kurslarını həyata keçirməyə başladıq. Hazırda Bakı Peşə Hazırlığı Mərkəzində qazilərin bir neçə istiqamətdə peşə hazırlığı kurslarına cəlb edilməsi prosesi davam edir”.