
Ukrayna böhranı Avropanın zəif yerlərini üzə çıxarıb və Avropa İttifaqını yeni strateji çağırışlar qarşısında qoyub.
Bu fikirləri Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozep Borrel iyunun 6-da La Repubblica qəzetində dərc olunmuş məqaləsində ifadə edib.
Onun sözlərinə görə, Aİ-nin qarşısında kibernetika, dəniz və kosmik sahələr də daxil olmaqla, bütün strateji sektorlarda çağırışlar dayanır. “Biz müdafiə alətləri əldə etməliyik, bu təkcə müdafiə məsrəflərini yaxşılaşdırmağı deyil, onları artırmağı tələb edir”, – deyə Borrel yazıb. O, qeyd edib ki, Avropa İttifaqı ölkələri 2009-2018-ci illər ərzində müdafiə xərclərini 160 milyard avro azaldıb. 2021-ci ildə Aİ müdafiənin möhkəmləndirilməsinə nəzərdə tutulan 35 faiz əvəzinə yalnız 8 faiz xərc yönəldib.
“Avropa hökumətləri müdafiə üçün vəsaiti hədsiz dərəcədə az, çox parçalanmış və səpələnmiş şəkildə xərcləyir”, – deyə ali nümayəndə əlavə edib.
