RESPONDENTLƏRİN 42%-İ AYDA BİR NEÇƏ DƏFƏ XARİCİ SAYTLARDAN ONLAYN ALIŞ-VERİŞ EDİR – SORĞU

MTM (Media Təhlil Mərkəzi) vətəndaşlar arasında onlayn alış-verişlə bağlı sorğu keçirib və onların fikirlərini öyrənib. Sorğuda iştirak edən 622 respondentin 56%-ni qadınlar, 44%-ni kişilər təşkil edib.

“Xarici saytlardan tez-tez onlayn alış-veriş edirsiniz?” sualına verilən cavablar əsasında məlum olub ki, respondentlərin 6%-i həftədə bir neçə dəfə, 42%-i ayda bir neçə dəfə, 35%-i ildə bir neçə dəfə xarici saytlardan alış-veriş edir. “Digər” variantını seçənlər iştirakçıların 17%-ni təşkil edib.

Növbəti sualda respondentlərdən daha çox hansı məhsulları onlayn qaydada sifariş etdikləri soruşulub. Bir neçə variant seçmək imkanına malik olan iştirakçıların cavabları aşağıdakı kimi olub:

Geyim və ayaqqabı – 81%;

Parfüm və kosmetik vasitələr – 28%;

Kitab – 24%;

Digər – 23%;

Məişət əşyaları – 11%;

İdman ləvazimatları və qida əlavələri – 8%;

Mobil telefon – 5%;

Oyuncaq – 4%;

Mebel – 1%.

Sorğu iştirakçılarının 50%-i xərclərini yadında saxladığını, 28%-i hesablamadığını deyib. Respondentlərin 22%-i bütün xərclərini yazdığını bildirib.

Verilən cavablar əsasında iştirakçıların karqo şirkəti seçərkən daha çox nəyə üstünlük verdiklərini də müəyyən etmək olub. Ən çox 3 variant seçmək imkanına malik olan respondentlərin 62%-i daşınma tarifinin aşağı olmasına, 59%-i müştəri xidmətinin yüksək səviyyədə olmasına, 43%-i şirkətin ofisinin yaşadığı əraziyə yaxın olmasına diqqət yetirir.

Kateqoriyasından asılı olmayaraq bütün məhsulların çatdırılmasını həyata keçirən şirkətlərə üstünlük verənlər iştirakçıların 25%-ni təşkil edib. Məlum olub ki, şirkətin geri qaytarma xidmətinin olması respondentlərin 24%-i üçün önəmlidir. Karqo şirkəti seçimində dost-tanış məsləhətindən yararlandığını bildirənlər cavab verənlərin 19%-ni, “Digər” variantını seçənlər 14%-ni təşkil edib.

“Məhsulları mağazadan deyil, onlayn sifarişlə almağınızın səbəbi nədir?” sualını cavablandırarkən iştirakçıların ən çox 2 variant seçmək imkanı olub. Onlayn sifarişin daha sərfəli olduğunu deyənlər iştirakçıların 61%-ni təşkil edib. Respondentlərin 50%-i onlayn alış-veriş platformalarında çeşidin çox olduğunu bildirib. Cavab verənlərin 33%-i “Sifariş etdiyim məhsullar yaşadığım ərazidə satılmır” variantını seçib. Sorğu iştirakçılarının 27%-i onlayn sifariş vasitəsi ilə vaxta qənaət etdiyini bildirib, 11%-i isə “Digər” variantını seçib.