XORVATİYADA RADARLARDAN İTMİŞ TƏYYARƏNİN QALIQLARI TAPILIB

Mayın 29-da Xorvatiyada radarlardan itmiş Cessna idman təyyarəsinin qalıqları tapılib.
Xarici mətbuat orqanları xəbər verir ki, ölkənin mülki müdafiə idarəsinin məlumatına görə, göyərtədə olanların hamısı həlak olub.
Xorvatiyanın uçuşlara nəzarət xidməti bazar günü göyərtəsində dörd nəfərin olduğu idman təyyarəsinin yerli vaxtla saat 11:45-də (Bakı vaxtı ilə 13:45) radarlardan itdiyi barədə mülki müdafiə idarəsini məlumatlandırıb. Həmin gün aparılan axtarışlar nəticəsiz qalıb. Bazar ertəsi günü təyyarənin axtarışlarına daxili işlər orqanlarının, dağ xilasetmə xidmətinin 400-dən çox əməkdaşı, kinoloqlar, hərbçilər yanğınsöndürənlər, həmçinin yerli ovçular cəlb olunub.
“İntensiv axtarışların gedişində bu gün saat 10:50-də (Bakı vaxtı ilə 12:50) təyyarənin qalıqları – quyruq hissəsi, kabinəsi və füzelyajı havadan dronla aşkarlanıb. Təəssüf ki, Cessna təyyarəsində olanların hamısı həlak olub, hazırda polis tərəfindən baxış keçirilir”, – deyə mülki müdafiə idarəsinin direktoru bildirib.