Qarabağ Zəfəri ilə Qafqazda yeni dövr başladı. Bu qələbə dastanı bizim ümumi coğrafiyamızda davamlı sülhün və hərtərəfli normallaşmanın qarşısında duran maneələri aradan qaldırdı. Hesab edirik ki, bu tarixi şansı əldən vermək olmaz. Azərbaycan və Ermənistanın aralarındakı məsələlərin birbaşa həlli istiqamətində atdığı addımlardan məmnunuq.
Bu fikirləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycandan Türkiyəyə geri dönərkən jurnalistlərə verdiyi açıqlamada bildirib.
Qeyd edilib ki, Türkiyə olaraq biz, tərəflərin sərhəd məsələlərinin həlli, sülh müqaviləsinin bağlanması, nəqliyyat dəhlizlərinin açılması istiqamətində səylərini dəstəkləyirik. Bu səylərin uğuru bizim hamımızın, bütün regionumuzun xeyrinədir. Xüsusilə sevindirici haldır ki, sərhəd komissiyaları mayın 24-də ilk iclasını keçirib və Zəngəzur dəhlizində irəliləyiş əldə olunub. Biz də Ermənistanla münasibətlərimizin normallaşması prosesini səmimiyyətlə aparırıq.
Regionun təhlükəsizliyi və rifahı naminə Azərbaycanla həmrəyliyi artırmağa davam edəcəklərini vurğulayan Türkiyə Prezidenti deyib: “Qardaşım, Azərbaycan Prezidenti İlham Əliyev ilə birlikdə inşallah iki ölkənin dostluğunu, əməkdaşlığını hər sahədə zirvələrə daşıyacağıq. Rəbbim yolumuzu və qismətimizi açıq etsin”.
“Prezidenti İlham Əliyev və bizi məhəbbətlə bağrına basan Azərbaycan xalqına təşəkkür edirəm. “TEKNOFEST Azərbaycan”ın uğurla həyata keçirilməsinə dəstək verən Azərbaycan dövləti, nazirliklərimiz, şirkətlərimiz, rəsmi qurumlarımız və T3 Fondunu səmimi qəlbdən təbrik edirəm”, – deyə Türkiyə Prezidenti bildirib.