PREZİDENT İLHAM ƏLİYEV ÖZBƏKİSTANIN BAŞ NAZİRİNİN MÜAVİNİNİ QƏBUL EDİB

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 24-də Özbəkistan Respublikasının Baş nazirinin müavini, turizm və mədəni irs naziri Aziz Abduhakimovu qəbul edib.

Aziz Abduhakimov Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin salamlarını dövlətimizin başçısına çatdırıb.

Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirib, onun da salamlarını Özbəkistan dövlətinin başçısına çatdırmağı xahiş edib.

Görüşdə Azərbaycan ilə Özbəkistan arasında dostluq münasibətlərinin müxtəlif sahələrdə – siyasi, iqtisadi, nəqliyyat və digər sahələrdə uğurla inkişaf etdiyi vurğulanıb, bu baxımdan qarşılıqlı səfərlərin önəmi qeyd edilib.

Söhbət zamanı Şamaxının Türk Dövlətləri Təşkilatı tərəfindən Türk Dünyasının Turizm Paytaxtı seçilməsi və orada Təşkilata üzv ölkələrin turizm nazirlərinin VII iclasının keçirilməsinin önəminə toxunulub. Bu tədbirin Təşkilata üzv dövlətlər arasında turizm sahəsində əməkdaşlığın genişləndirilməsi işinə töhfə verəcəyinə əminlik ifadə olunub.

Dövlətimizin başçısı Füzuli rayonunun erməni işğalından azad edilmiş ərazisində Özbəkistan Prezidentinin məktəb binasının tikintisi ilə bağlı təşəbbüsünü yüksək qiymətləndirdiyini bir daha qeyd edib.

Prezident İlham Əliyev bildirib ki, ölkələrimizdə tarixi baxımdan xeyli sayda görməli yerlərin və dünya əhəmiyyətli tarixi abidələrin mövcudluğu nəzərə alınaraq turizm sahəsində əməkdaşlığın genişləndirilməsi üçün yaxşı potensial var.

Qonaq turizmlə bağlı ölkələrimizin müvafiq qurumları arasında səmərəli əməkdaşlığın həyata keçirildiyini vurğulayıb və Şamaxıdakı tədbirdə iştirakından məmnunluğu ifadə edib.