“Torpağı qoruyaq” (“Save Soil”) missiyası ilə Bakıda olan Sadhquru aprelin 29-da Heydər Əliyev Mərkəzində mühazirə ilə çıxış edib.
Hindistanın Azərbaycandakı səfiri Bavitlung Vanlalvavna Sadhqurunun mühazirəsindən əvvəl çıxış edərək bildirib ki, məşhur yoqinin missiyası gələcək nəsillər üçün ətraf mühiti qorumaqdır.
Sadhquru planetimizin bizim və gələcək nəsillər üçün daha yaxşı bir yerə çevrilməsi, torpağın xilası üçün layihənin bir hissəsi kimi Bakıya gəlib. O, missiyası çərçivəsində bir çox ölkələrdə olub. Sadhquru çoxşaxəli insandır. O yoqin, müəllif, yazıçı və mənim üçün böyük dünyagörüşü olan bir insandır. Onun fəaliyyəti ekoloji problemlərin həlli ilə geniş şəkildə bağlıdır”, – deyə Hindistanın ölkəmizdəki səfiri diqqətə çatdırıb.
Məşhur yoqin Sadhquru mühazirəsinə mantra oxumaqla başlayıb.
Sadhquru daha sonra missiyası barədə məlumat verib. Qeyd edib ki, üzvi materialın yoxluğu torpağı quma çevirir və bu, qida böhranı, su çatışmazlığı, biomüxtəlifliyin itməsi, iqlim dəyişikliyi, münaqişələr və əhalinin miqrasiyası kimi bir sıra problemlərə səbəb olur.
“Torpaq ölümü həyata çevirən yeganə sehrli materialdır. Bizim məqsədimiz, missiyamız torpağın sehrini yaşatmaq üçün insanlığı birləşdirməkdir”, – deyə Sadhquru bildirib.