Prezident İlham Əliyev Bakı şəhərində və onun qəsəbələrində təhsil müəssisələrinin tikintisi, əsaslı təmiri və bərpası ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb.
Sərəncama əsasən;
– Bakı şəhərində və onun qəsəbələrində təhsil müəssisələrinin tikintisi, əsaslı təmiri və bərpası işlərinin davam etdirilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 10 fevral tarixli 3143 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.37.1-ci yarımbəndində nəzərdə tutulmuş 15.650,0 min (on beş milyon altı yüz əlli min) manat vəsait bu Sərəncama əlavəyə uyğun olaraq Bakı Şəhər İcra Hakimiyyətinə ayrılır.
– Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncama əlavədə nəzərdə tutulmuş bölgüyə uyğun olaraq maliyyələşməni təmin edəcək.
– Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn digər məsələləri həll edəcək.
Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.